Türkiyə banklarında Haniyənin 3 milyard dollar pulu var? – Rəsmi Ankara təkzib etdibackend

Türkiyə banklarında Haniyənin 3 milyard dollar pulu var? - Rəsmi Ankara təkzib etdi

İsrailin xarici işlər naziri İsrael Katz iddia edib ki, Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun mərhum rəhbəri İsmayıl Haniyənin oğulları Türkiyə hakimiyyətindən atalarına məxsus 3 milyard dollar məbləğində vəsaitin onlara köçürülməsini tələb edirlər.

KONKRET.az xəbər verir ki, bu barədə nazir X-də yazıb.

“Bu həftə atalarının adına türk banklarında saxlanılan 3 milyard dollar tələb edən İsmayıl Haniyənin oğulları ilə Rəcəb Tayyib Ərdoğan arasında münaqişə yaranıb. Ərdoğan vəsaiti təhvil verməkdən imtina edib”, – deyə o, qeyd edib.
Bu arada Türkiyə İsrail xarici işlər nazirinin açıqlamalarını təkzib edib. Rəsmi Ankara Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yerli banklarda saxlanılan təxminən 3 milyard dolları Haniyənin oğullarına verməkdən imtina etməsini böhtan adlandırıb.

“İsrailin xarici işlər naziri Katzın sosial şəbəkədə mərhum İsmayıl Haniyə və prezidentimizə qarşı paylaşımı böhtandır. Bu yalan diqqəti Qəzzadakı soyqırımdan yayındırmaq məqsədi daşıyır, bu, bizim Fələstin xalqını dəstəkləməyə mane olmayacaq”, – TASS informasiyadan sitat gətirib.

Ərdoğan administrasiyası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi də öz növbəsində HƏMAS Siyasi Bürosunun rəhbərinin Türkiyə banklarında heç bir əmanətinin olmadığını bildirib. Mərkəz vurğulayıb ki, ötən həftə İstanbulda Haniyənin oğulları ilə görüşdə Türkiyə prezidenti onlara yalnız başsağlığı verib.

İyulun 31-də HƏMAS hərəkatı İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehranda Haniyənin ölümünü elan edib. HƏMAS-ın məlumatına görə, Siyasi Büro rəhbəri İsrailin onun iqamətgahına endirdiyi zərbə nəticəsində öldürülüb.

İlkanə Şəvəqqət,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*