“Türkiyə gec-tez Qafqazda hərbi bazalarını yaradacaq” – “Moskovskiy komsomolets”backend

“Türkiyə gec-tez Qafqazda hərbi bazalarını yaradacaq" - "Moskovskiy komsomolets"

Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderləri bir araya gəldi. Əliyev, Paşinyan və Putin Dağlıq Qarabağdakı müharibədən sonrakı nizamlanmanı müzakirə etdilər. Ancaq bu məsələdən başqa bölgədə Rusiya üçün böyük əhəmiyyətə malik digər bir məsələ var. Bu, Türkiyənin Azərbaycanda hərbi varlığının gücləndirilməsidir. Bəs Türkiyə hökumətinin bölgədəki hədəfləri nələrdir?  Məsələyə bir qədər geniş aspektdən yanaşmaq lazımdır.

Dekabr-yanvar aylarında Türkiyə Hava Qüvvələrinin müşahidəçiləri  Azərbaycanın nəqliyyat səmalarında misilsiz bir fəaliyyət göstərdilər. İki ölkə arasındakı hava körpüsü gecə-gündüz işləyir, hərbi yüklər Azərbaycan Ordusunun hava limanlarına davamlı şəkildə daşınır. Mütəxəssislər Türkiyənin Qafqazda bir neçə hərbi baza yaratmaq niyyətində olduğunu düşünürlər, ancaq Bakıda bu məlumat təkzib olunur.

Dağlıq Qarabağdakı silahlı qarşıdurma Azərbaycanın qələbəsi ilə başa çatdı. Lakin müharibədən sonrakı bölgə dünya üçün bir çox yeni çağırışlar hazırlayır. Xüsusilə, Türkiyə və Azərbaycan. Bu dövlətlər Qafqaz bölgəsindəki güc nisbətini dəyişdirə biləcək hərbi-siyasi sahədə əməkdaşlığı genişləndirirlər. Bunu ölkələr arasında hava nəqliyyatının intensivliyində artım olduğunu qeyd edən monitorinq xidmətlərinin məlumatları sübut edir. “FlightRadar-24” xidmətinin məlumatına görə, son bir neçə həftə ərzində Türkiyə hərbi aviasiyası Azərbaycan ərazisinə fasiləsiz mal tədarükü həyata keçirib. İki ölkə arasında Ermənistan üzərindən körpü yaradıldı. Türkiyənin hərbi nəqliyyat təyyarələri Qəbələ, Lənkəran və Gəncədəki Azərbaycan aerodromlarına mallar çatdırır. Aviasiya demək olar ki, gecə-gündüz uçuşlar həyata keçirir, bəzi təyyarələr gündə üç-dörd uçuş həyata keçirir.

Türkiyə Hərbi Hava Qüvvələrinin fəaliyyətini qiymətləndirən mütəxəssislər Qafqaz bölgəsində türk hərbi bazalarının yaradılacağını irəli sürdülər. Lakin Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı təkzib edib. Azərbaycan tərəfi Qoşulmama Hərəkatının üzvü olduğunu və ərazisində hər hansı bir xarici hərbi kontingent yerləşdirmək niyyətində olmadığını vurğulayıb. Bununla belə nazirlik Türkiyə Hərbi Hava Qüvvələrinin Azərbaycanın hava məkanındakı fəaliyyətini şərh etməyib. Vəziyyət Türkiyə mediası tərəfindən də işıqlandırılmayıb. Hətta əvvəllər Qafqazda Türk ordusunun hərbi obyektlərinin yaradılması barədə  məlumatlar nəşrdən silinib.

“MK” məsələ ilə bağlı hərbi ekspert Aleksey Valyujeniçin fikirlərini öyrənib. Mütəxəssisin fikrincə, Qafqaz Ankara üçün əsas bölgədir və türk ordusunun orada yerləşməsi zaman məsələsidir.

– Əvvəlcə Türk təyyarələrinin hara yük çatdırdığını dəqiq görək. Qəbələ, Lənkəran və Gəncə. Türkiyə üçün üç strateji istiqamətdə üç şəhər. Raket hücumu xəbərdarlıq sisteminin ən böyük radar stansiyası Daryal radarı Qəbələdə yerləşirdi. Sovet dövründə yaradılmışdı. Bir vaxtlar o, Sovet sərhədləri yaxınlığında NATO-nun fəaliyyətini izləyirdi. Fəaliyyət radiusu İranı, İraqı və Fars Körfəzinin strateji cəhətdən əhəmiyyətli sularını əhatə edir. 2012-ci ilə qədər ordumuz orada fəaliyyət göstərirdi, amma indi sahibsizdir. Əlavə edim ki, 2000-ci illərdə ABŞ buna baxırdı, ona görə də bu, çox dəyərli bir strateji obyektdir. Əslində qanuni olaraq bir Türk hərbi bazası olmaya bilər, ancaq Türk zabitləri bu müəssisəyə giriş əldə edə, onu dirçəldə və öz məqsədləri üçün istifadə edə bilərlər. Tamamilə məntiqlidir.

– Rusiya ərazilərini “izləmək” üçün istifadə edilə bilərmi?

– Sovet dönəmində məlum səbəblərə görə bu istiqamətə baxılmırdı. Ancaq indi – tamamilə mümkündür. Bu yerdən Rostova, daha da uzağa – Xəzər və Qara dənizə nəzarət etmək mümkündür. İndi isə Gəncə haqqında. Təsdiqlənməmiş məlumatlara görə, orada Dağlıq Qarabağda fəaliyyət göstərən Türk pilotsuz təyyarələri üçün bir nəzarət nöqtəsi var idi. Ermənilər raketlərlə ona çatmaq üçün bir neçə dəfə cəhd etdilər, lakin alınmadı. Lazımi infrastrukturun orada yerləşdirilməsi mümkündür. Bu, Ermənistanın üstündə qaldırılan bıçaqdır. Lakin orada türklərə baza yaratmaq lazım deyil. Daha doğrusu, Türkiyə müttəfiqinə hər şeyi qurmağa kömək edəcək və eyni zamanda mütəxəssislərini də bölüşə bilər.

– Məlum olur ki, Lənkəran İran istiqamətini əhatə edəcək?

– Yalnız İran deyil. Orada da İranı izləyə bilən pilotsuz təyyarələr və radar stansiyaları üçün baza yerləşdirə bilər. Düşünürəm ki, Tehran bundan məmnun olmayacaq. Üstəlik, Lənkəran həm də Xəzər dənizindəki bir limandır. Belə çıxır ki, Ərdoğan Azərbaycan vasitəsilə bir anda Türkiyə üçün üç strateji istiqamətə çıxır: Ermənistan, Rusiya və İran. Bir daha vurğulayıram, bunun üçün türk ordusunun obyektlərini tikmək lazım deyil. Türkiyə sadəcə müttəfiqinə kömək edir və gələcəkdə “qardaş kimi” məlumatlar paylaşıla bilər.

“Moskovskiy komsomolets”, 11 yanvar 2021.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*