Türkiyədə zeytun yağının maya dəyərinin 102% artması qardaş ölkədə qiymət artımına səbəb olub. Ona görə də Türkiyə zeytun yağının ixracını noyabrın 1-dək dayandırıb. Beynəlxalq Zeytun Şurasının məlumatına görə, Avropadakı quraqlıq səbəbindən dünyada zeytun yağı istehsalı 20% azalıb. İstehsalda əsas azalma İtaliya və İspaniyada qeydə alınıb. Eyni zamanda, Türkiyədə bu rəqəm 62 % artıb. Bəs bu sahədə yaranan problem Azərbaycan bazarına necə təsir edəcək?
KONKRET.az-ın suallarını cavablandıran iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, Türkiyənin ixraca qoyduğu qadağa Azərbaycanda zeytun yağının qiymətinə cüzi təsir göstərə bilər:
“Hesab eləmirəm ki, Türkiyənin ixraca qoyduğu qadağa Azərbaycanda hansısa qiymət artımına gətirib çıxartsın. Cüzi qiymət artımları mümkündür. Çünki Azərbaycanda digər bitki yağları ilə müqayisədə zeytun yağına tələbat çox deyil. Ona görə də ciddi şəkildə qiymət artımları gözlənilmir. Ola bilər inflyasiya qiymət artımına müəyyən təsir etsin. Digər faktorların rolu burada çox az olacaq”.
Vəli Həsənov,
KONKRET.az