Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqə səfər edib və orada bir sıra yüksək səviyyəli görüşlər keçirib. Görüşlərdə Suriyanın prezidenti Əhməd Əş-Şaraa, xarici işlər naziri Əsaad Şibani və ölkənin kəşfiyyat xidmətinin rəhbəri Hüseyn Səlamə iştirak ediblər.
KONKRET.az xəbər verir ki, tərəflər görüş zamanı Suriyanın ərazi bütövlüyü, suverenliyi və siyasi sabitliyinə sadiq olduqlarını ifadə ediblər. Türkiyə rəsmiləri Suriyanın bu istiqamətdə atdığı addımları dəstəklədiklərini və Ankara tərəfindən Dəməşqə hərtərəfli yardım göstərməyə hazır olduqlarını bildiriblər.
Danışıqlarda əsas müzakirə mövzularından biri YPG kürd silahlı qüvvələrinin tərksilah olunması və onların gələcəkdə formalaşacaq yeni Suriya dövlətinə inteqrasiyası məsələsi olub. Həmçinin sərhəd təhlükəsizliyi, İŞİD üzvlərinin saxlanıldığı həbsxanaların nəzarətinin Dəməşqə verilməsi, İsrailin Suriyaya qarşı aviazərbələri və hava məkanının pozulması, İŞİD-lə mübarizə, beynəlxalq sanksiyaların aradan qaldırılması və Suriyadan olan qaçqınların geri dönüşü kimi məsələlər də müzakirə olunub.
Bu səviyyəli birbaşa təmaslar, Türkiyə və Suriya arasında uzun müddətdir gərgin olan münasibətlərin normallaşması istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirilir.
Natiq Səlim,
KONKRET.az