Türkiyədə arvadının sevgilisini öldürərək qaçaraq Azərbaycana gələn və illər sonra İnterpol xətti ilə Bakıda tutulan Can İlkər Bəhlulun öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı təqdimata baxılıb.
KONKRET.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun əməkdaşları C.İ.Bəhlulla bağlı bildiriblər ki, Türkiyədə onun barəsində qəsdən adam öldürmə maddəsi ilə qiyabi həbs qərarı var və beynəlxalq axtarışa verilib.
Onlar məhkəmədən təqsirləndirilən şəxsi öz ölkəsinə təhvil verilməsi ilə bağlı qərar verilməsini istəyiblər.
Təqsirləndirilən C.İ.Bəhlul isə Azərbaycandan getmək istəmədiyini bildirib:
“Uzun illərdir burada yaşayıram, Bakıda azərbaycanlı ilə evlənmişəm, uşağım var. Ailəm buradadır, xahiş edirəm Türkiyəyə məni ekstradisiya etməyin”.
Məhkəmə müşavirə edərək qərara alıb ki, təqsirləndirilən şəxs Türkiyəyə ekstradisiya edilsin.
Qeyd edək ki, C.İ.Bəhlul uzun illər əvvəl Türkiyədə arvadı və onun sevgilisini bıçaqlayıb. Onlardan kişi ölüb, qadın isə xəsarət alıb.