Türkiyədə Çin kəşfiyyat şəbəkəsi ifşa edildi: “Böyük Boss”a işləyirdilər – ŞOK DETALLARbackend

Türkiyədə Çin kəşfiyyat şəbəkəsi ifşa edildi: “Böyük Boss”a işləyirdilər - ŞOK DETALLAR

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Çinin Türkiyədəki casus şəbəkəsini ifşa edib. Məlum olub ki, 7 nəfərlik Çin kəşfiyyat qrupu saxta mobil rabitə bazaları vasitəsilə Uyğur diasporasının nümayəndələrini və türk məmurlarını izləyirmiş.

KONKRET.az xəbər verir ki, MİT-in açıqlamasına görə, İstanbul, İzmir, Bursa, Manisa və Balıkəsirdə keçirilən xüsusi əməliyyat zamanı şübhəlilər may ayının əvvəlində, qanunsuz əməliyyatlar həyata keçirdikləri anda saxlanılıb. Casuslar IMSI-catcher tipli texnologiyadan – yəni avtomobillərdə yerləşdirilən və mobil telefon siqnallarını ələ keçirən saxta baza stansiyalarından istifadə ediblər.

Toplanan məlumatlar, o cümlədən telefon danışığı yazıları, yer məlumatları və əlaqə siyahıları Çindəki kod adı “Böyük Boss” olan şəxsə ötürülüb. Əməliyyatda istifadə edilən texnoloji avadanlıqların məhkəmə qərarı olmadan, dövlət səviyyəsində tətbiq olunan cihazlar olduğu vurğulanıb.

İfşa edilən şəbəkənin lideri baş hərflərlə Z.L. olaraq təqdim edilib. O, Türkiyəyə mart ayında gəlib və burada kəşfiyyat infrastrukturu qurmaq üçün saxta ticarət şirkətləri yaradıb, türk dilini öyrənərək geniş əməliyyat şəbəkəsi formalaşdırıb. Digər üzvlər isə texniki funksiyalar icra ediblər.

Məlumata görə, Çin casusları müxtəlif dövrlərdə parçalanmış şəkildə cihaz hissələrini ölkəyə gətirərək diqqətdən yayınmağa çalışıblar. Avadanlıqlar reklam çəkilişi üçün gətirildiyi bəhanəsi ilə gizlədilsə də, tam hazır rabitə stansiyası aşkar edilib.

Türkiyə Uyğur türkləri üçün əsas sığınacaq olaraq qalır. Pekinin repressiv siyasətindən qaçan minlərlə uyğur məhz burada məskunlaşıb. Məhz bu səbəbdən Çin-Türkiyə münasibətləri tez-tez gərginləşir. Ekspertlər bu ifşa faktının Ankaranın Pekinlə münasibətlərinə ciddi təsir göstərəcəyini, həmçinin ABŞ-ın bölgədəki siyasətinə yeni impuls verəcəyini bildirirlər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*