Vətən savaşından zəfərlə çıxan Azərbaycan bu gün demək olar ki, dünyanın diqqət mərkəzindədir. Ən böyük potensialı insan resursu olan məmləkətimizin insanları XXI əsrdə milli-mənəvi güclərini, elmi-intellektual səviyyələrini dünyaya nümayiş etdirməklə, ölkəmizin adını aparıcı dünya dövlətləri sırasına çıxarmaqda davam edirlər. Sevindirici haldır ki, mərd, mübariz oğullarımızın şah-şöhrəti indi dillərdə dolaşır. Bu gün həm də bilikli, intellektli, dünyagörüşlü gənclərimiz dünyanın müxtəlif dövlətlərində ölkəmizi ləyaqətlə təmsil edirlər.
KONKRET.az xəbər verir ki, hazırda Türkiyədə yaşayıb fəaliyyət göstərən həmyerlimiz Bəxtiyar Nəcəfov da belə gənclərimizdən biridir.
Haşiyə: Bəxtiyar Nəcəfov 1989-cu ildə Zəngilan rayonunun Vənətli kəndində anadan olub. 2007-ci ildə Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanı bitirib. 2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin kimya fakültəsində təhsil alıb.
Bu gün Türkiyənin bir çox elmi mərkəzləri ilə sıx əməkdaşlıq çərçivəsində bir sıra ixtiralara imza atan həmyerlimiz 2013-cü ildə Ankara şəhərində yerləşən Gazi Üniversitetində kimya mühəndisliyi ixtisası üzrə magistratura təhsili almağa başlayıb. Gazi Üniversitetində təhsil aldığı müddətdə işlənmiş yağları biodizelə çevirərək (Production of biodiesel under hydrothermal conditions using Marl) elmi kəşfə imza atıb və beləcə Türkiyədəki akademik ortamda tanınmağa başlayıb.
B.Nəcəfov magistraturadan məzun olduqdan sonra Azərbaycana qayıdaraq, Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda işə başlayıb.
2017-ci ildə Litva dövlətindən (2017 Government of The Republic of Lithuania) doktorantura təqaüdü qazanan B.Nəcəfov Litvada bir il elmi araşdırmalar etdikdən sonra Türkiyədən gələn dəvətlə əlaqədar yenidən ora qayıdıb.
Və 2018-ci ildə İstanbul Universiteti – Cerrahpaşada doktorantura pilləsində təhsil almaqla yanaşı, İstanbul Esenyurt Universitetində müəllim, eyni zamanda beynəlxalq əlaqələr şöbəsində koordinator kimi fəaliyyət göstərməyə başlayıb.
2019-cu ildə Havacılık Emniyet Kurulu Dərnəyinin İdarə Heyətinin üzvü kimi təmsil olunub. Elə həmin ildən Uluslararası Öyrəncilər İnstitutunun başqanlığını aparmaqdadır. Həmin ildən, həmçinin, South Russian University-nin (Institute of Management Business and Law / IMBL) müəllimi kimi çalışır.
Bəxtiyar Nəcəfovun ən uğurlu fəaliyyəti isə Türkiyə və dünyanın böyük sənaye mərkəzlərindən biri olan OSTİM sənaye bölgəsinə aid OSTİM Texniki Universiteti ilə bağlıdır. 2020-ci ildən həmin universitetin Hibrid ve Elektrikli Taşıtlar Texnolojisi Proqramında müəllim və Uluslararası İlişkilər Ofisi müdiri kimi işə başlayan həmyerlimiz burada işlədiyi müddətdə OSTİM sənayesinin və universitetin bütün gücünün Azərbaycan üçün faydalı olacaq hər bir işində öncüllük etməyə səy göstərib. Qeyd edək ki, OSTİM Tekniki Universiteti Azərbaycanın Qarabağ döyüşlərində istifadə etdiyi türk dronları detallarının istehsal olunduğu sənaye bölgəsidir.
Hazırda həmyerlimizin iştirakı ilə görülən işlər sırasında Azərbaycan Texniki Universitetində OSTİM Texniki Universitetinin dəstəyi ilə ingiliscə hazırlıq sisteminin tətbiqi və kitabların dərc edilməsi ilə bağlı həyata keçirilən işlər daha çox diqqət çəkir. Ən önəmlisi isə odur ki, bu kitablara ikinci çapda artıq Azərbaycan mədəniyyətinə aid ünsürlər də daxil edilcək və ingiliscə təhsil alan bütün dünya ölkələrinin tələbələri bu kitablardan ölkəmiz haqqında bilgilərə sahib olacaqlar. B.Nəcəfovun sözlərinə görə, bununla yanaşı, Azərbaycan Texniki Universiteti ilə başqa ortaq layihələr, ən əsas da ikili diplom məsələsi müzakirə edilir.
Həmçinin, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzi ilə qardaş ölkə arasında yeni işbirliyi müqaviləsi bağlanıb. Müqaviləyə görə, özəlliklə əkinçilik sahəsində ortaq proyektlərin icrası nəzərdə tutulur. Belə ki, dronlarla toxum səpimi və sulama işlərindən tutmuş, su sərfiyyatını azaldacaq vasitələrin ortaq istehsalı və Azərbaycan əkinçilik sahəsində istifadəsi istiqamətində işlər görülür.
Bəxtiyar Nəcəfovun ən böyük proyekti isə Azərbaycan Hərbi Sənayesi üçün olduqca vacib olan üzünmüddətli istifadəyə yararlı güllə geçirməyən əsgər geyimlərinin istehsalıdır. Həmyerlimiz hazırda Azərbaycana bunu qazandırmaq üçün çox ciddi elmi araşdırmalar aparır.
Redaksiyamız elmi-texniki fəaliyyətində ona daimi uğurlar arzulayır!
Sevinc Paşayeva,
KONKRET.az