Türkiyənin Ərzurum şəhərində PKK-ya işləməkdə ittiham olunan qadına bir ay müddətinə sosial şəbəkələrdəki səhifələrində Türkiyə dövlət bayrağının şəklini dərc etmək tapşırılıb.
KONKRET.az xəbər verir ki, 30 min nəfərin ölümündə təqsirli bilinən, separatçı fəaliyyətinə görə ömürlük həbs cəzası alan Abdulla Öcalanın şəklini özünün “Facebook” hesabında yerləşdirən qadına qarşı cinayət işi açılıb.
Türkiyə Cinayət Məcəlləsinə görə, qadını 5 ilə qədər həbs gözləyirdi. Amma işə baxan hakim fərqli qərar çıxarıb. Məhkəmənin qərarı ilə qadın həftədə üç dəfə polis bölməsinə xəbər vermək və bir ay ərzində sosial şəbəkələrdə Türkiyə dövlət bayrağının şəklini yerləşdirmək öhdəliyi ilə cəzalandırılıb. Diyarbəkir vilayətinin Vəkillər Palatası bu qərarı qanun pozuntusu adlandırıb və hakimin məsuliyyətə cəlb edilməsi tələbi ilə Türkiyənin Ali Məhkəmə və Prokurorluq Şurasına şikayət göndərib.
Vəli Həsənov,
KONKRET.az