“Türkiyənin şimal-şərq bölgəsində meydana gələcək zəlzələlər Azərbaycana təsir edə bilər”.
Bunu Türkiyənin Qazi Universitetinin dosenti, geoloq və fəlakətlərin idarə edilməsi üzrə mütəxəssis Bülənt Özmən KONKRET.az-a müsahibəsində deyib.
Ekspertlə ətraflı müsahibəni təqdim edirik:
– Bülənt bəy, son zamanlar Türkiyədə tez-tez zəlzələlərin baş verdiyini görürük. Həmçinin, çoxlu afterşoklar da meydana gəlir. Bunların əsas səbəbi nədir?
– Əslində Türkiyədə zəlzələlərin davamlı olduğunu demək doğru deyil. Çünki ölkəmiz zəlzələ bölgəsində yerləşir. Təəssüf ki, Türkiyədə zəlzələ meydana gətirmə ehtimalı olan çox sayda fay xətti var. Bunların sayı isə 550-yə çatır. Yəni bu qədər çox aktiv fay xəttinin olduğu bir ölkədə zəlzələlərin baş verməsi son dərəcədə təbiidir. Bu, indiyə kimi belə olub, gələcəkdə də belə olacaq. Türkiyədə keçmişdən günümüzə qədər olan zəlzələ hərəkətliliyinə baxdıqda da son illərdə hansısa anormal artım tempinin olmadığını görürük.
– Bəs nə üçün son zamanlar zəlzələlərin daha çox olduğu deyilir?
– Çünki 6 fevral 2023-cü il tarixində “Əsrin fəlakəti” adlandırılan Şərqi Anadolu fay xətti üzərində 7.7 və 7.6 ballıq iki böyük zəlzələ yaşandı. Bununla əlaqəli Şərqi Anadolu fay xətti üzərində hələ də çox sayda afterşoklar meydana gəlməkdədir. Hətta bunların sayı 45 minə çatır. İrəliləyən zamanlarda bunların sayı və intensivliyi azalsa da, yenə də baş verəcək. Amma “Əsrin fəlakəti”nə görə Şərqi Anadolu fay xətti üzərində meydana gələn afterşoklarla yanaşı, ölkənin fərqli bölgələrində də zəlzələlər yaşanmağa davam edir. Əslində bu zəlzələlər illərdir baş verir. Sadəcə olaraq, biz 6 fevral zəlzələlərindən sonra bunlara daha çox diqqət etməyə başladıq. Halbuki keçmiş illərdəki zəlzələ statistikalarına baxdığımız zaman təxminən 3-4 gündən bir 4-5 ballıq, 3 həftədən bir 5-6 ballıq, ildə də 1-2 dəfə 6-7 ballıq zəlzələlərin meydana gəldiyini görürük. Bütün bunları nəzərə alsaq, zəlzələlərin təbii şəkildə baş verdiyini deyə bilərik.
– Son günlər Türkiyədə yenidən güclü zəlzələlərin ola biləcəyi iddia olunur. Bununla bağlı nə deyə bilərsiniz?
– Təəssüf ki, Türkiyədə keçmişdən indiyə kimi intensiv şəkildə zəlzələlərin meydana gəldiyini görürük. Xüsusilə ölkəmizdə 5 və daha yuxarı baldakı zəlzələlər dağıntılara da səbəb ola bilir. 1900-cü ildən indiyə kimi təxminən 6 ildən bir 7 və daha yuxarı balda böyük zəlzələlərlə ölkəmizin sarsıldığını görürük. Bu bəzən ardıcıl iki il, bəzən isə uzun illər sonra baş verir. Amma təəssüf ki, ümumi olaraq zəlzələlərin yenə də baş verəcəyini deyə bilərik. Ölkə olaraq bundan qaça bilmərik. Yəni Türkiyədə yenidən güclü zəlzələnin gözlənildiyini proqnozlaşdırmaq olar. Amma zəlzələ elmi bizə bunun nə zaman, harada və hansı gücdə olacağını söyləmə şansı vermir.
– Həmçinin, tezliklə İstanbulda güclü zəlzələ meydana gələcəyi ilə bağlı proqnozların durmadan artdığını görürük. Yəni yaxın zamanda İstanbulda zəlzələ gözlənilirmi?
– Ümumiyyətlə, Türkiyənin istənilən bir yerində hər an zəlzələ baş verə bilər. Bəli, İstanbulda da zəlzələnin meydana gəlməsi ehtimallar daxilindədir. Keçmişdə Mərmərə dənizində güclü zəlzələlərin olduğu kimi, gələcək zamanda da mütləq şəkildə olacaq. 1766-cı ildə Kumburqaz seqmentində qırılan fay xətti üzərində 257 ildir böyük bir zəlzələ baş vermir. Amma həmin yer seysmik boşluq olaraq göstərilir və istənilən zaman orada zəlzələ olma ehtimalı var. Dolayısı ilə Türkiyənin bir çox bölgəsi kimi İstanbulda da zəlzələnin meydana gəlməsi hər zaman mümkündür. İstanbul həm nüfuz, həm də iqtisadi cəhətdən ölkəmizin göz bəbəyi olan yerlərdən biridir. Ona görə də İstanbulda zəlzələ ehtimalı daha çox gündəmə gəlir.
– Qardaş Türkiyədə zəlzələlərin və afterşokların intensivliyi artdıqca bunun Azərbaycana da təsir edəcəyi deyilir. Sizcə, bu ehtimal nə dərəcədə realdır?
– Türkiyədəki zəlzələ hərəkətliliyi ilə Azərbaycan arasında ciddi bir əlaqə yoxdur. Çünki bu fay xətləri bir-birindən ayrı hərəkət edir. Ancaq Türkiyənin şimal-şərq bölgəsində meydana gələcək zəlzələlər Azərbaycana təsir edə bilər. Həmçinin, əksinə Azərbaycanda olacaq zəlzələlər Türkiyənin sözügedən bölgələrinə təsir edə bilər. Təəssüf ki, zəlzələ bizim ölkəmizin bir gerçəyidir. Lakin elm bizə zəlzələyə qarşı hansı addımları atmağımızı göstərir. Biz də bunları əskiksiz bir şəkildə həyata keçirməliyik.
Elmir Kamal,
KONKRET.az