Türkiyənin Baş Ombudsmanı Şeref Malkoç Rusiyaya səfər çərçivəsində ukraynalı əsirləri ziyarət etməyi planlaşdırır.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Şeref Malkoç özü məlumat verib.
Malkoç qeyd edib ki, imkan və lazımi icazələr olarsa, rusiyalı həmkarı ilə birlikdə həmin ölkədə hərbi əsirlərin saxlandığı yerlərə baş çəkəcək:
“Biz Ukraynadakı rus əsirlərinin ailələri ilə görüşməyi, Rusiyadakı ukraynalı əsirləri görməyi, onları dinləməyi, əsirlərlə rəftarın beynəlxalq hüquqa uyğun olub-olmadığını araşdırmağı planlaşdırırıq”.
Onun sözlərinə görə, səfərin əsas məqsədi əsirlərin mübadiləsinə yol açmaqdır.
O, həmçinin qeyd edib ki, ombudsmanlər müharibəni dayandıra bilməz, lakin onlar qadınlar, uşaqlar və əsirlər üçün çox şey edə bilərlər.
Qeyd edək ki, martın sonlarında Malkoç ukraynalı ombudsmen Dmitri Lubinetsin dəvəti ilə Ukraynaya səfər edib. Səfər zamanı o, Rusiyadakı ukraynalı əsirlərin qohumları ilə görüşüb və Lvovda rusiyalı əsirlərin saxlandığı düşərgəni ziyarət edib.
Xatirə SADİQ,
KONKRET.az