Azərbaycanda əksər insanlar ekonom maşınlar əldə edir, yaxud almaq istəyir. Çoxunun da əsas məqsədi taksi sürüb normal maaş həddindən daha çox pul qazanmaqdır. Taksi sürücülüyü az qala simvolik peşəyə çevrilməkdədir.
KONKRET.az-ın araşdırmalarına görə taksi xidməti üçün sərfəli avtomobillərin çoxu xaricdən gəlir və Gömrük Komitəsi rüsumlarla gəlir əldə edir. Nəticədə bu qurumdan büdcəyə köçürülən vəsait artır. Camaat arasında “Prius epidemiyası” kimi tanınan və artan taksi xidməti yol hərəkəti qaydalarının pozulması, qəzaların da çoxalmasına səbəb olur. Burada isə DİN-in yol polisi əməkdaşlarının cərimələri işə düşür. Ölüm və yaralanma hallarında Ədliyyə Nazirliyi, Prokurorluq, Vəkillər Kollegiyasının işi artır. Qəzalarda maşının təmir, detal əvəzlənmələrinə görə usta, sahibkarlar da qazanır və əldə etdikləri mənfəətin müəyyən faizini ödədikləri üçün Vergilər Nazirliyinin də dövlət büdcəsinə istiqamətləndirdiyi maliyyə resursu stabil qalır. Avtomobillərin çoxluğu həm də yanacaqdoldurma məntəqələrini boş saxlamır.
Bu yolla taksi sürücülüyünə keçən işsiz insanlar da evə əliboş getmir. Əfsus ki, bəzi “patışnik”lər narkoasılılıqlarını ödəmək üçün taksi sürücülüyü edir. Ona görə əfsus ki, narkomaniya Azərbaycanda genişlənməkdədir. Ona görə əfsus ki, göz bəbəkləri kakosa dönmüş sükanı dumanlı idarə edənlər günahsız sərnişinlərin də həyatına təhlükə yaradır.
Bu mövzu ətrafında çox bəhs etmək və başqa problemlərə də toxunmaq olar. Taksi xidmətini insanlar arasındakı gəzən söhbətlərə görə belə sistemləşdirdirdim, amma eks deputat, iqtisadçı və politoloq kimi Cümşüd Nuriyevdən də mövqe öyrənmişəm. Mövzu ilə bağlı fərqli düşünən Cümşüd Nuriyev başqa mühüm məqamlara da toxunub.
O bildirib ki, Azərbaycanda milli nəqliyyat konsepsiyası olmadığına görə bir çox eybəcərliklər gündəmə gəlir:
“Real əmək haqqı ilə nəqliyyat sektoru üst-üstə düşmür. Bəlkə də bunu bilərəkdən edib çox ustalıqla bundan yararlanan qüvvələr var. Çünki bu sahədə dövlətin siyasətini hazırlayanlar qeyri-peşəkarlıqla edirlər. Əslində bunu hökumət eləməlidir, çünki daşımalarda problem var, amma yolların çəkilişində yoxdur. Görünən odur ki, Azərbaycanda bu sahədə bir hərc-mərclik, boşluq var. Və bəzi qüvvələr bundan yararlanır. Adını bazar iqtisadiyyatı qoyub hər şeyi satışa çıxarıblar.
Ucuz nəqliyyat deyəndə burada əsas “Uber”lə “Bolt”dur. Yavaş-yavaş “Uber”in də “zibili” çıxır. Kimi gəldi götürürlər. Cavan-cavan uşaqlardır. Məntəqəyə çatanda əvvəlcədən ödədiyin pulu deyirlər ki, vəsait köçürülməyib. Nağd ödəniş edirsən, avtomobildən düşəndən sonra kart hesabından da çıxılır. Bu sahədə bir özbaşınalıq var. “Uber” ilə “Bolt” arasındakı rəqabət nəticəsində problemlər ortaya çıxıb. Nəqliyyat nazirliyinin normal bir yanaşması yoxdur. Daha doğrusu, nazirlik görünmür. Sahibkarların vəziyyəti çox pisdir. Rəqabət mühiti olmadığına görə daxili bazarda ciddi gərginlik yaranıb. Maşın sürdü, sürə bilmədi hər kəsə taksi sürücülüyünə icazə verilir. Əvvəllər bu çox ciddi yoxlanılırdı. Məsələyə yol polisi baxmalıdır. Bu sahədə çoxhakimiyyətlilik yaranıb. İcra hakimiyyəti öz istədiyi kimi hərəkət edir, BNA-nı bölüşdürdülər, kiçik və orta sahibkarlığın inkişafı ilə (KOBİA) məşğul olanların əlində isə çox səlahiyyət yoxdur.
Bu hərc-mərcliyə qarşı ciddi addımlar atılmalıdır. Hökumətin konsepsiyası olmalıdır, qanunların icrasına nəzarət mexanizmi həyata keçirilməlidir. Əks təqdirdə həm kriminal durum gərginləşəcək, həm də Azərbaycanda nə qədər narkoman var, hamısı sürücü olacaq, insanların həyatı böyük təhlükəyə girəcək.
Burda dövlətin ciddi bir qazancı yoxdur. Dövlət rüsum alır, bəli. Amma baxın, “Uber” Marqarita Simonyanın olmalıdır. Nə olsun ki, burada onu başqa adam idarə edir. Əsas odur ki, beynəlxalq transmilli şirkətdir və gəlib Azərbaycana çöküb. Burda yığılan vəsait də Simonyanla Keosayana gedir. Buna niyə fikir vermirlər? Ucuz olması o demək deyil ki, bu, milli maraqlarımıza uyğundur. Niyə Azərbaycan dövləti elə bir ucuz taksi şirkəti düzəltməsin? Sputnikin əleyhinə gedirik, təzədən ölkəyə Uberi salırlar. Nə olub, Azərbaycanın Əlisi, Vəlisi, Məhəmmədi, Hüseyni yoxdur? Gərək elə burda Marqaritalar ola? Milli dəyərlərə fikir verməmək böyük problemdir.
Amma bütün bunlara baxmayaraq, bu sahədə dövlətin konkret milli konsepsiyası olmalıdır, yoxdursa, hazırlasınlar. Nazirlər Kabinetinin o sahəyə baxan şöbələri var. Hamısı da maşallah 4-5 min maaş alırlar. Amma ortada heç biri yoxdur. Bütün qurumların nümayəndələri danışır, heç siz Azərbaycan efirində Nazirlər Kabinetinin şöbə müdirlərini görmüsünüz? Hardadır onlar? O qədər işçiləri var. “Papalarının gül balalarını” ora yığıblar. Nəsə deyən kimi də, deyinirlər ki, bu müxalifətçidir. Mən müxalifətçi deyiləm. Bu hökumətin heyətində olan adamların çoxu Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin əleyhinə işləyir”.
Müsahibimizin fikrincə, bəzi səlahiyyətlilər belə problemlərin həllinə yox, daha da dərinləşməsinə çalışır ki, insanlarda Prezidentin yürütdüyü siyasətə qarşı etiraz yaransın.
Anar Rəhimov,
KONKRET.az