Ukrayna ABŞ-ın Rusiya ilə münaqişənin həlli üzrə danışıqlar prosesindən çıxmasının qarşısını almağa çalışır. Bu barədə Böyük Britaniyanın nüfuzlu Financial Times nəşri məlumat yayıb.
KONKRET.az xəbər verir ki, nəşrin diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Kiyev bu məsələdə Avropa İttifaqına üzv ölkələrlə birgə addımlar atmaq niyyətindədir. Ukrayna tərəfi münaqişənin həllinə dair danışıqlarda həm ABŞ-ın, həm də Avropa ölkələrinin vahid mövqedən çıxış etməsini vacib hesab edir.
Ukraynalı rəsmilər hesab edir ki, ABŞ-ın prosesdən kənar qalması Rusiya ilə potensial razılaşmalarda Ukraynanın maraqlarının lazımi səviyyədə qorunmaması riskini artıra bilər. Bu səbəbdən Kiyev Avropa müttəfiqləri ilə birlikdə Vaşinqtonun vasitəçilik rolunu qoruyub saxlamaq üçün diplomatik səylərini artırıb.
Qeyd edək ki, son zamanlar ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqlar və verdiyi bəyanatlar beynəlxalq aləmdə, xüsusilə Avropa liderləri arasında ciddi narahatlıq yaradıb. Bir çox ekspertlər hesab edir ki, Tramp administrasiyası Ukrayna məsələsində daha sərt və birmənalı mövqe sərgiləməkdən uzaqlaşa bilər.
Natiq Səlim,
KONKRET.az