“Ukrayna dinc sakinlərinin ölümünə və yaralanmasına səbəb olan bugünkü kütləvi hücuma görə Rusiyaya cavab tədbirləri hazırlayır”.
KONKRET.az xəbər verir ki, bu barədə müdafiə naziri Rüstəm Umerov Facebook səhifəsində yazıb.
“Bu gecə Rusiya şəhərlərimizi yenidən vurdu. Dinc sakinlər yaralandı, evlər dağıldı, infrastruktura ziyan dəydi”, – deyə ukraynalı nazir qeyd edib.
Umerovun sözlərinə görə, bu bir daha sübut edir ki, qalib gəlmək üçün uzaq məsafəyə uçan raketlər lazımdır:.
“Ukrayna öz istehsalı olan silahlarla cavab hazırlayır”, – deyə Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb.
Avqustun 26-na keçən gecə ruslar “Şahed” tipli pilotsuz təyyarələrlə Ukrayna ərazisinə hücum edib, səhər isə raketlərdən istifadə ediblər. Ukraynanın müxtəlif bölgələrində partlayış səsləri eşidilib, ölən və yaralananlar var. Bəzi ukraynalılar Rusiyanın infrastruktura hücumları səbəbindən işıqsız qalıb.
Prezident Volodimir Zelenski hücumlardan dərhal sonra bəyan edib ki, Rusiyanın Ukrayna ərazisinə bugünkü zərbəsi ən böyük zərbələrdən biridir.
O qeyd edib ki, Rusiyanın zərbəsi nəticəsində enerji sektoruna xeyli ziyan dəyib: “Amma harada elektrik kəsilmişdisə, artıq bərpa işləri aparılır”.
Natiq Səlim,
KONKRET.az