Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (XAP) ordu üçün alınan dronlar və radioelektron mübarizə (RƏB) vasitələrinin satınalmasında irimiqyaslı korrupsiya sxemini ifşa edib.
KONKRET.az xəbər verir ki, dövlət satınalmaları zamanı məhsulların qiymətləri qəsdən şişirdilib. Nəticədə müqavilələrin ümumi dəyərinin 30 faizə qədəri “otkat” şəklində sxem iştirakçılarına geri qaytarılıb.
Artıq dörd nəfər saxlanılıb. Prezident Vladimir Zelenskinin verdiyi məlumata əsasən, onlardan biri hazırda fəaliyyət göstərən xalq deputatıdır. Digər şübhəlilər isə rayon və şəhər hərbi administrasiyalarının rəhbərləri və Ukrayna Milli Qvardiyasının zabitləridir.
İstintaq davam edir, məsələ ictimaiyyətin və dövlət orqanlarının diqqət mərkəzindədir.
Natiq Səlim,
KONKRET.az