Bu gün bir çox siyasi analitiklər Rusiya və Ukrayna arsındakı müharibənin əsl səbəblərini araşdırmağa, həqiqətləri ortaya çıxarmağa çalışır. Təbii ki, az qala dünyanın düzənini dəyişən, hətta cahan müharibəsi qədər təhlükəli olan bu münaqişənin hansı səbəblərdən baş verdiyinə dair xeyli variantlar da səsləndirilir. Ehtimallar nə qədər çox olsa da, nəticə birdir: Rusiya Ukraynaya təcavüz edir, ərazisini işğala məruz qoyur və ən əsası günahsız insanlar həyatını itirir. Təbii ki, bütün bunlara görə, Putin tarix qarşısında cavab verəcək. Ancaq o vaxta qədər gəlin Rusiya və Ukrayna arasındakı münaqişənin niyə qaçılmaz olduğunu və iki ölkəni gələcək münasibətlərində nələrin gözlədiyini araşdırmağa çalışaq.
Bu, köhnə mübarizənin yeni mərhələsidir
Rusiyanın Ukraynada fevralın 24-də başlayan xüsusi hərbi əməliyyatı təkcə iki ölkə arasında deyil, II Dünya Müharibəsindən sonra formalaşan bütün beynəlxalq münasibətlər sistemində uzun müddət davam edən ziddiyyətlərin kulminasiya nöqtəsi oldu. Rusiya NATO hərbi blokunun şərqə doğru genişlənməsinin qarşısını almaq üçün qərb sərhədlərində təhlükəsizlik məsələsini kökündən həll etməyə çalışdı. 2014-cü ildə Avromaydan və Donbasdakı silahlı münaqişədən sonra qonşu ölkədə baş verən dramatik hadisələr Rusiyanın ABŞ və Avropa İttifaqına qarşı xarici siyasətinin təkamülündə dönüş nöqtəsinə çevrildi. Hazırkı münaqişənin nəticələri təkcə Ukrayna üçün deyil, həm də Rusiya və onun geosiyasi müqəddəratını təyinetməsi üçün prinsipial əhəmiyyət daşıyır.
Valday Beynəlxalq Diskussiya Klubunun proqram direktoru Timofey Bordaçev Rusiyanın niyə təkrarlanan inteqrasiya cəhdlərinin üstündən xətt çəkməyə qərar verdiyini açıqlayıb. Eləcə də Avro-Atlantik birliyini və Rusiya-Ukrayna münasibətlərini gələcəkdə nələrin gözlədiyi haqda fikirlərini bölüşüb.
Ukraynadakı hazırkı münaqişənin səbəblərini nədə görürsünüz?
“Rusiyanın hərbi vasitələrə üz tutmasının səbəbləri həm geostrateji, həm də humanitardır. Avropa təhlükəsizliyinin bütün arxitekturası ABŞ-ın üstünlüyünə və Rusiyanın maraqlarının istisna edilməsinə əsaslanırdı. NATO-nun genişlənməsi hərbi infrastrukturun şərqə doğru irəliləməsi ilə müşayiət olundu və 2014-cü ildən sonra zUkraynanın Şimali Atlantika Alyansına qoşulması uğrunda mübarizəyə başlanıldı. Eyni zamanda, NATO bir qurum olaraq alyansın gənc müttəfiqləri (ABŞ istisna olmaqla, blokun bütün üzvləri) üçün cəzasızlıq illüziyası yaradır. Bu da amerikalıların özlərinin diplomatik imkanlarını xeyli məhdudlaşdırır. Bu, məsələnin geostrateji tərəfidir. Burada humanitar komponentlər də mövcuddur. Rusiya səkkiz ildir ki, Donbassdakı münaqişəni sülh yolu ilə həll etməyə çalışır. Həqiqətən də, 2014-cü il hadisələrindən sonra Cənub-Şərqi Ukrayna əhalisinin əhəmiyyətli bir hissəsi çətin vəziyyətdə qaldı. Problemi sülh yolu ilə həll etməyə çalışsalar da, təəssüf ki, alınmadı. Bütün bu amillər Rusiyanın hərbi-texniki tədbirlərə əl atmasında mühüm rol oynadı”.
Bordaçev qeyd edir ki, Ukraynanın Rusiya üçün xüsusi ərazi olması faktını nəzərdən qaçırmaq mümkün deyil və bu, tarixi prosesin gedişində dəfələrlə sübuta yetirilib: “Ukrayna ərazisinə mənsubiyyət məsələsi 1480-ci ildə Rusiya tərəfindən dövlət suverenliyini yekunlaşdırdıqdan sonra yarandı. Artıq 1489-cu ildə Moskva çarı III İvan Müqəddəs Roma İmperatoru Maksimiliana yazdığı məktubda tarixi torpaqlarını və Kiyevi Litvanın Böyük Hersoqluğundan (IV Kazimir) alaraq geri qaytarmağa hazırlaşdığını deyirdi. Beləliklə görünən odur ki, 1480-ci ildə Rusiya nəhayət suverenliyə nail olur və dərhal Ukrayna problemini həll etməyə başlayır. Bu ərazinin Rusiya üçün əhəmiyyəti bütün tarixi boyu təsdiqlənib. Məsələn, 1762-ci ildə Rusiyanın ərazisinin artıq Sakit okeana çatmasına baxmayaraq, əhalisi Fransadan az idi. Rusiya yalnız Birliyin ilk bölünməsindən sonra əhalisinin sayına görə Avropanın ən böyük dövlətinə çevrildi. Bu, Ukrayna və Belarusun Rusiya imperiyasına daxil olmasından sonra baş verdi. Yalnız bundan sonra Rusiya demoqrafik göstəricilərə görə Fransanı qabaqladı. Demoqrafiya Rusiya üçün tarixi problemdir. Biz buna təkcə 19-cu əsrin ikinci yarısında rast gəlməmişik. Bütün digər tarixi dövrlərdə əhalinin sayı az olub. O cümlədən cəbhədə də əsgər çatışmazlığı müşahidə edilib. Rusiya İkinci vuruşub”.
Krımın Rusiyaya birləşdirilməsi tarixi ədalətin bərpası kimi xarakterizə edilir. Postsovet dövründə Rusiya-Ukrayna münasibətlərində yaranan çətinlikləri sovet milli siyasətinin mirası hesab etmək mümkündürmü?
“Qeyd etdiyimiz strateji aspektlərlə yanaşı, həqiqətən də belə bir amil var. Ukraynanın Rusiyadan ayrılması uğrunda mübarizə 19-cu əsrin ortalarında başlayıb və proses Sovet İttifaqında da səngiməyib. Üstəlik, 1922-ci ildə SSRİ-nin tərkibində yaradılan Ukrayna kvazi-dövlətçiliyi əsasında daxilən möhkəmlənib. Bu kvazi-dövlətçilik və milli siyasi yerliləşdirmə kampaniyası çərçivəsində yaranan qurumlar fonunda Ukraynanın Rusiyadan ayrılması uğrunda mübarizə çox güclü vüsət alıb. İndi isə biz 19-cu əsrin ortalarında başlayan Ukraynanın Rusiyadan ayrılması prosesinin başa çatmasını müşahidə edirik. Bunu Rusiya və Ukraynanı parçalamaq cəhdlərindən biri kimi də dəyərləndirə bilərik. Sol Sahil Ukrayna ərazisinin tamamilə boşaldılması prosesi çərçivəsində bura mütəmadi olaraq xarici qüvvələrin iştirakı ilə mübarizə obyektinə çevrilib. İndi biz bu çoxillik mübarizənin yeni mərhələsinin şahidi oluruq”.
Rusiya-Ukrayna münasibətlərində əsas problem nədir?
“Krım Rusiyanın bir hissəsi oldu. Çünki bu şəhər artıq Ukraynanın bir hissəsi ola bilməyəcəkdi. Əgər Ukraynada təhlükə yaratmayan adekvat dövlət qurmaq mümkün olsaydı, Krımın birləşdirilməsi də baş verməzdi. Amma alınmadı”.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıq şəkildə “Biz Ukrayna ilə deyil, kollektiv Qərblə müharibə vəziyyətindəyik” dedi. Qərbin rəqib kimi göstərilməsi Rusiya-Ukrayna münasibətlərinin kontekstini hansısa formada dəyişirmi?
“Hesab edirəm ki, müdafiə naziri ilk növbədə hərbi-texniki nöqteyi-nəzərdən danışır və əlində olan məlumatlara – Ukrayna tərəfinin hazırda istifadə etdiyi silahlara, muzdluların mövcudluğuna əsaslanır. Ukrayna Silahlı Qüvvələrinin sıralarında NATO ölkələrinin nümayəndələri iştirak edir. Ukraynaya edilən siyasi-hərbi dəstək, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar vəziyyəti kökündən dəyişir. Bu məqamda çinli dostlarımızın dəfələrlə açıqladığı rəqəmləri diqqətə çatdırmaq istərdim: dünya əhalisinin 85 faizi Rusiyaya qarşı sanksiyaları dəstəkləmir. İndi biz bu prosesin içindəyik, ona görə də onun nəticələrini tam adekvat qiymətləndirə bilmərik. Ancaq xarici şəraiti dəyərləndirmək, tarixi nümunələrə istinad etmək mümkündür. 1480-ci ili xatırlayaq. Boyar elitasının əksəriyyəti tatarlarla qarşıdurmaya qarşı idi, onlar Böyük Knyaz 3-cü İvandan Ordanı qəzəbləndirməməyi tələb edirdilər. Çünki Qızıl Orda dövləti bizi məhv edə bilərdi. Xan Əhməd həqiqətən də Moskva Böyük Hersoqluğunu məğlub etmək üçün hərbi imkanlara malik idi. Eyni zamanda, Pskov torpağı Livoniya ordeni tərəfindən hücuma məruz qalmışdı. Rusiya daim polşalılar tərəfindən təhdid edilirdi, qardaşları [Boris Volotsky və Andrey Bolşoy] Böyük Knyaza qarşı üsyan qaldırırdılar. Bir sözlə Moskvada heç kim Ordaya qarşı mübarizənin uğurla başa çatacağına əmin deyildi. Ancaq indi əsrlərdən sonra görürük ki, III İvan doğru qərar verib, Əhməd xan isə yox. Buna görə də o, Uqra çayı üzərində dayanarkən qansız məğlubiyyətə uğradı və bir neçə ay sonra [Severski Donetsinin yaxınlığındakı köçəri qərargahında] öldürüldü. Yəni biz beynəlxalq münasibətlərdən danışanda bu və ya digər subyektin potensialını adekvat qiymətləndirə bilmirik. Bunun üçün bizim kifayət qədər məlumatımız yoxdur. Amma indi beynəlxalq vəziyyət onu deməyə əsas verir ki, Rusiya tarixin doğru tərəfindədir və ABŞ vəziyyəti adekvat qiymətləndirmək imkanını itirib”.
Tərəflər hansı şərtlərlə danışıqlar masası arxasına əyləşə bilər?
“Döyüş əməliyyatlarının davam etdirilməsi fonunda gözlənilən itkilər kompromis nəticəsində yaranan itkilərdən çox olduqda tərəflər masaya əyləşə bilər. Yaxud da tərəflərdən heç olmasa birinin kifayət qədər inandırıcı olması vacibdir. Bu cür inandırıcılığın olmaması Ukraynada hərbi əməliyyatların, eləcə də Rusiya ilə Qərb arasında siyasi qarşıdurmanın davam etməsi ilə nəticələnir. Üstəlik, münaqişənin dondurulması həm də bir növ razılaşmadır. Yəni qüvvələr tükənənə qədər tərəflər qarşıdurmanı davam etdirirlər. İndi Aİ və ABŞ gələcək beynəlxalq nizamda öz mövqeyini təmin etməyə, yeni dünya düzənində daha yaxşı mövqe tutmağa çalışır”.
“Rusiya cəmiyyətində ukraynalılara qarşı millətçi ritorika məni bəzən narahat edir. Məsələn, bir çox həmkarım hesab edir ki, Ukrayna faktoru öz mentalitetinə görə SSRİ-nin, suveren dövlətin inkişafında mənfi rol oynayıb. Məncə, bu, emosional şişirtmədir” – deyə rusiyalı ekspert fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az