UNEC-in Dərbənd Filialının 2023–2024-cü il məzunları diplom problemi ilə üzləşiblər.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının 2023–2024-cü tədris ilini uğurla başa vuran 70 nəfər bakalavr məzunu diplom sənədi ilə təmin olunmayıb. Bu məsələ ilə bağlı bir qrup məzun və valideyn tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə rəsmi müraciət ünvanlanıb.
KONKRET.az xəbər verir ki, UNEC-in Dərbənd filialı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə təsis olunub və 2022-ci ilə qədər məzunlar diplomlarla təmin ediliblər. Lakin 2023–2024-cü tədris ilinin məzunları hazırda diplom almadıqlarına görə təhsillərini magistratura səviyyəsində davam etdirə və ya əmək bazarına daxil ola bilmirlər.
Valideynlərin sözlərinə görə, övladları UNEC-in əsas strukturuna rəsmi əmrlə köçürülüb, tədris proqramını tam yerinə yetirib və yekun dövlət attestasiyasından müvəffəq qiymətlərlə keçərək məzun olublar. Universitet tərəfindən təqdim olunan məzunluq arayışı və diplom verilməsi haqqında əmrə baxmayaraq, Elm və Təhsil Nazirliyi tərəfindən diplom blanklarının təqdim edilməməsi bu gənclərin hüquqlarının pozulmasına səbəb olub.
Müraciətdə həmçinin qeyd olunur ki, diplom sənədinin olmaması səbəbindən bəzi məzunlar magistraturaya qəbul imtahanını uğurla versələr də, qəbul olunmayıblar və ödənişlərini də itiriblər. Eyni zamanda, oğlan məzunlar hərbi xidmətə sənədsiz yollandıqları üçün 1 il əvəzinə 1 il 6 ay xidmət etməyə məcbur qalıblar.
Qanuni şəkildə təhsil alan, məzunluq statusu verilən tələbələrin diplom probleminin hələ də həll edilməməsi ilə bağlı valideynlər tərəfindən aidiyyəti qurumlara dəfələrlə müraciət olunub. Lakin məsuliyyət Elm və Təhsil Nazirliyi ilə UNEC arasında qarşılıqlı şəkildə ötürülməkdədir.
Məzunlar və onların valideynləri bu problemin ədalətli şəkildə həll ediləcəyinə, tələbələrin hüquqlarının bərpa olunacağına və diplomların alınacağına ümidvar olduqlarını bildirirlər.
UNEC tələbəsi Nilufər Kərimbəylinin anası Ləman Kərimbəyli deyir ki, qızı 2020ci ildə pandemiya zamanı İqtisad Universitetinin Dərbənd filialına qiyabi daxil olub. Lakin 6 aydan sonra UNEC-in Bakı filialına daxili qaydalara uyğun şəkildə köçürülüb və təhsil ocağını 2024-cü ildə fərqlənmə ilə bitirib. Bu illər ərzində nə kəsiri, nə də qayıbı olub. Əksinə, əlaçı təqaüdü alıb. Buna baxmayaraq heç bir əsas göstərilmədən Elm və Təhsil Nazirliyi UNEC-ə diplomların blankını vermir.
Problemlə bağlı öncə UNEC-ə müraciət etdik. Təhsil müəssisəsindən KONKRET.az-a verilən açıqlamada bildirildi ki, UNEC-in Dərbənd filialından normativ tədris müddətini uğurla bitirmiş tələbələrin məzun olduqları barədə əmrləri universitet tərəfindən verilib. Məzun olmuş tələbələrə diplom blanklarının verilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə lazımi sənədlər təqdim edilib. Nazirliklə mütəmadi olaraq əlaqə saxlanılsa da, bugünə qədər diplom blankları universitetə təqdim olunmayıb. Blanklar universitetə təqdim olunan andan məzunlara diplomlar veriləcək. Məlumat üçün bildiririk ki, UNEC-in Dərbənd filialı “Rosobrnadzor”un lisenziyası əsasında fəaliyyət göstərir və ona görə də tələbə qəbulu DİM tərəfindən deyil, Rusiya Federasiyası qaydalarına uyğun aparılır.
Problemi yaradan tərəf kimi göstərilən ELM və Təhsil Nazirliyindən saytımıza bildirildi ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən tələbənin qəbulu, təhsil prosesi və digər məsələlər araşdırılır və qeyd olunan məqamlar qanunvericiliyin tələblərinə uyğun olduğu halda diplom blankları təqdim edilir. Qanunvericiliyin tələblərinə uyğun olmayan hallar aşkar edildiyi və Elm və Təhsil Nazirliyi tərəfindən müsbət rəy verilmədiyi hallarda diplom blanklarının təqdim olunması mümkün deyil.
Beləliklə, tərəflər bir-birilərini günahlandırır. Ortada qalan, hüququ pozulan və illəri hədər gedən isə min bir zülmlə təhsil almağa çalışan tələbələrdir. Hansı ki, bu tələbələr bizim gənclərimiz və gələcəyimizdir. Onların bürokratik əngəllərə görə, diplomlarından məhrum edilməsi ölkənin təhsil sisteminə və gələcəyinə zərbə kimi dəyərləndirilməli və problem qısa zaman ərzində həllini tapmalıdır.
Müşviq Tofiqoğlu
KONKRET.az