Son dövrlərdə Bakıda universitetlərin şəhər mərkəzindən kənara köçürülməsi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Paytaxtda nəqliyyat sıxlığının artması, infrastruktur yüklənməsi və müasir kampus modelinə keçid zərurəti bu məsələni daha da ön plana çıxarır. Beynəlxalq təcrübəyə uyğun olaraq ali təhsil müəssisələrinin şəhərdən kənarda yerləşdirilməsi ideyası isə cəmiyyətdə müxtəlif suallar doğurur.
Bəs hansı universitetlərin köçürülməsi nəzərdə tutulur və bu seçim hansı meyarlara əsaslanır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, universitetlərin köçürülməsi paytaxtın infrastruktur yükünün azaldılması istiqamətində həyata keçirilən tədbirlər planının tərkib hissəsidir.

“Xüsusilə, şəhərin mərkəzində yerləşən ali təhsil müəssisələri həm nəqliyyat sıxlığının artmasına, həm də ümumi urbanistik yüklənməyə səbəb olur.
Bu proses birdəfəlik və tələsik şəkildə deyil, mərhələli və planlı şəkildə həyata keçirilməlidir. Elə bir sistem qurulmalıdır ki, bu addım həm Bakı şəhərində nəqliyyat sıxlığını azaltsın, həm də ali təhsil müəssisələrinin inkişafına müsbət təsir göstərsin”.
Ramin Nurəliyevin sözlərinə görə, ilkin mərhələdə şəhərin mərkəzində yerləşən universitetlərin köçürülməsi daha məqsədəuyğundur.
“Bu kontekstdə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti əsas namizədlər kimi qiymətləndirilir. Daha sonra isə digər ali məktəblərin də mərhələli şəkildə bu prosesə cəlb olunması mümkündür.
Beynəlxalq təcrübədə, xüsusilə Türkiyə və Avropa ölkələrində universitetlər əsasən şəhər kənarında yerləşən geniş kampus modelləri üzrə fəaliyyət göstərir. Bu yanaşma həm təhsil mühitinin keyfiyyətini artırır, həm də şəhər mərkəzindəki sıxlığı azaldır”.
Onun fikrincə, universitetlərin paytaxtın Sahil, Lökbatan, Suraxanı və Sabunçu kimi ərazilərinə köçürülməsi yalnız infrastruktur baxımından deyil, həm də həmin bölgələrin iqtisadi inkişafı üçün müsbət nəticələr verə bilər.
“Universitetlərin yerləşdiyi ərazilərdə yeni iş yerləri açılır, xidmət sektoru inkişaf edir və ümumi iqtisadi canlanma müşahidə olunur. Azərbaycanın inkişafı fonunda ali təhsil müəssisələrinin də beynəlxalq standartlara uyğunlaşdırılması vacibdir və bu baxımdan kampus modelinə keçid qaçılmaz görünür”, – deyə o vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az
