“Azərbaycan Respublikasında aztəminatlı ailələr ünvanlı dövlət sosial yardımı almaq hüququna malikdirlər. Yardımın təyin olunması üçün müraciətlər həm ənənəvi, həm də elektron qaydada həyata keçirilir”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında hüquqşünas Vamiq Şükürov səsləndirib.
“Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs bu yardımı almaq üçün müraciət edə bilər. Əgər ailədə belə şəxs yoxdursa, həmin funksiyanı ailə üzvü olmayan, lakin notarial qaydada təsdiq olunmuş səlahiyyətə malik qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkalətli nümayəndə yerinə yetirir.
Müraciət zamanı yaşayış yeri üzrə icra hakimiyyəti nümayəndəliklərinin ailə tərkibi haqqında arayışı təqdim olunmalı, nümayəndə vasitəsilə müraciət ünvanlandıqda isə həmin şəxsin səlahiyyətini təsdiq edən sənədin surəti arayışa əlavə edilməlidir.
Ailəni təmsil edən şəxs Elektron Hökumət Portalı və ya “e-sosial” internet portalı vasitəsilə “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətindən yararlanmaqla “Ərizə-bəyannamə”ni (2 nömrəli əlavə) doldurmalı və onu Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi (MEİS) vasitəsilə “Ünvanlı yardım” (VEMTAS) altsisteminə göndərməlidir.
Yardım almaq üçün ailənin son 12 ay üzrə orta aylıq gəliri, adam başına müəyyən edilən ehtiyac meyarı (285 manat) məbləğindən az olmalıdır. Bu halda ailə ehtiyac meyarı ilə gəlir arasındakı fərq qədər sosial yardım ala bilər”.
Vəkil qeyd edib ki, sosial yardımın təyin olunmasına imkan verən hallara aşağıdakılar daxildir:
“Ailə üzvünün əmək qabiliyyətini itirməsi;
Ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa baxması;
Ailənin 23 yaşadək əmək qabiliyyətli üzvünün əyani təhsil alması;
Əmək qabiliyyətli ailə üzvünün işsizlikdən sığorta ödənişi alması;
Ailə üzvünün vəfat etməsi;
Məhkəmə qərarı ilə ailə üzvünün itkin düşmüş və ya ölmüş elan edilməsi;
Ailə üzvünün azadlıqdan məhrum edilməsi;
Ailə üzvünün olduğu yerin məlum olmaması”.
Aynurə İsmayıl
KONKRET.az