Portsmut Universitetinin alimləri adətən avokado və çərəzdə olan keton monoefirlərin ürəyin iş indeksini və kiçik damarlarda qan dövranını yaxşılaşdıra biləcəyini müəyyən ediblər.
KONKRET.az xəbər verir ki, tədqiqatın nəticələri “Journal of Applied Physiology” (JAP) jurnalında dərc edilib.
Sözügedən məhsullarda olan ketonlar orqanizmdə ketoz adlanan karbohidrat aclığı nəticəsində əmələ gələ bilər. Bu proses orqanizmə yağlardan enerji istehsal etməyə kömək edir ki, bu da qanda qlükozanın aşağı səviyyəsində sağ qalmağa imkan verir.
Bəzi araşdırmalar göstərib ki, ketonlar piylənmədən əziyyət çəkən insanlarda koqnitiv pozuntuların qarşısını ala bilir. Lakin yeni araşdırmada əsas diqqət keton efirlərinin ürəyə necə təsir etməsinə yönəlib.
Tədqiqatda ikinci tip diabetdən əziyyət çəkən insanlar iştirak ediblər. Orqanizmi ketoz vəziyyətinə gətirmək üçün könüllülərə keton efirləri olan maye əlavəsini qəbul etmək təlimatı verilib. İkinci mərhələdə təcrübə plasebo ilə təkrarlanıb. Bütün tədqiqat müddətində alimlər ürəyin işini, baldır əzələlərində oksigen səviyyəsini və iştirakçıların damar funksiyasını qiymətləndiriblər.
Nəticələr göstərib ki, ketonlu içki qəbulundan sonra iştirakçıların ürəyi həm istirahət vəziyyətində, həm də mülayim fiziki yükləmələr zamanı daha səmərəli işləyib. Həmçinin kiçik damarlarda qan dövranının yaxşılaşması qeydə alınıb.
Alimlər izah ediblər ki, keton monoefirləri təkcə əlavələr vasitəsilə deyil, həm də qida ilə əldə etmək mümkündür. İspanaq, brokkoli, avokado, qoz, zeytun və kokos yağı, pendir və balığın müntəzəm olaraq qida rasionuna daxil edilməsi ürək sağlamlığı üçün çox faydalı ola bilər.