Azərbaycanda yeni müavinət növlərinin təsis edilməsi bu gün Prezident İlham Əliyevin təsdiqlədiyi “Sosial müavinətlər haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq, himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinətlər təsis edilib. Həmin müavinətlər necə veriləcək?
Mövzu ilə bağlı KONKRET.az-ın sualını Milli Məclisin deputatı Vahid Əhmədov cavablandırıb:
“Əvvəllər belə müavinət növü yox idi. Bildiyiniz kimi, son vaxtlar himayəyə çoxlu uşaqlar götürülür. Həmin uşaqların təminatını yaxşılaşdırmaq üçün ildə dörd dəfə geyimlə əlaqədar müavinət veriləcək. Amma uşağı himayəyə götürən şəxs hökmən Sosial Müdafiə Nazirliyi ilə müqavilə bağlamalıdır. Uşağı himayəyə götürəndə bəzən müqavilə imzalamırdılar, sadəcə şifahi razılaşmalar olurdu. Amma indi müqavilənin olması əsas şərtdir. Bağlanan müqavilə əsasında nazirlik ildə dörd dəfə uşağa mövsümi geyim almaq üçün vəsait verəcək”.
Millət vəkili əlavə edib ki, “həmin müavinət ancaq uşaqlar üçün nəzərdə tutulub, yəni uşağı himayə edən şəxsə heç bir aidiyyəti yoxdur”.
Vəli Həsənov,
KONKRET.az