“Üzünü görəndə baxdım o yana.  Neyniyim, sözümü deyə bilmədim” – Mahirə Nağıqızıbackend

"Üzünü görəndə baxdım o yana. Neyniyim, sözümü deyə bilmədim" - Mahirə Nağıqızı

KONKRET.az müasir Azərbaycan poeziyasının tanınan simalarından olan nəğməkar-şair Mahirə Nağıqızının şeirlərini təqdim edir:

​ ​ ​ ​ ​ ​ ÖMRÜM BOYU

Mən səni​ sənin kimi,

Bütün sevənlər kimi,

Sevə bilmərəm, gülüm,

Sevə bilmərəm, canım!

Mən Leyli də deyiləm,

Dolanam səhraları,

Nə də Şirin deyiləm,

Yardıram qayaları.

Mən nə Gülgəz Pəriyəm,

Nə Kərəmə Əsliyəm.

Dastanlara sığmayan,

Heç yerdə yazılmayan,

Bir eşq pərvanəsiyəm.

Mən səni özüm kimi,

İkicə gözüm kimi,

Sevirəm desəm azdır,

Dünya səninlə yazdır.

Qoy söyləyim düzünü,

Doğrusu, mən bilmirəm,

Heç bu sevmək sözünü,

Ya sənə gəlməyim var,

Ya da sənin uğrunda

Dünyadan köçməyim var!

Mən səni sənin kimi,

Bütün sevənlər kimi,

Sevə bilmərəm, gülüm.

Mən səni özüm kimi,

İkicə gözüm kimi,

Sevərəm ömrüm boyu,

Sevərəm ömrüm boyu!

​ ​ ​ ​ ​ XƏBƏRİN VARMI?

Söylədin ki, eşq yalandı,

Düzündən xəbərin varmı?

Dedin, yanağın allandı,

Üzündən xəbərin varmı?

Titrədər, ürək doludu,

Ürək gözdərin quludu.

Getdiyin sevda yoludu,

İzindən xəbərin varmı?

Söyləmə xəyalım uçar,

Möhnətin əlindən qaçar.

Sinəni süfrətək açar,

Gözündən xəbərin varmı?

Soruşma kim kimə bənddi,

Zil olannar bəmə bənddi.

Oddanacaq, himə bənddi,

Közündən xəbərin varmı?

Mahirə, baxa bilmədin,

Köksünə sıxa bilmədin,

Ovsundan çıxa bilmədin,

Özündən xəbərin varmı.

​ ​ ​ QAYADA BİTƏN ÇİÇƏK…

Qayada bitən çiçək,

Qədrini kim biləcək?

Yüz baxanın olacaq,

Bəs səni kim dərəcək…

Qayada bitən çiçək,

Kaş ki, qaya döşündə

Görməyəydim səni mən,

Yerin deyilmi çəmən?

Qayada bitən çiçək,

Sən mələksən, ya çiçək?

Şehin gözün yaşımı?

Axıb nə bitirəcək…

Qayada bitən çiçək…

Qədrini kim biləcək?

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ SƏNİN

Dağlar, xalıdan yamacın,

Qayaların xına sənin.

Ərk eliyəm, niyət deyəm,

Səbrin varmı buna sənin.

Yolum cığır, özüm açdım,

Xain müxənnətdən qaçdım.

Diləyim şahintək uçdu

Ki sinənə qona sənin.

Gözüm qarında qalmadı,

Dövlət varında qalmadı.

Heç kim yadında qalmadı,

Deyəm, qəlbin yana sənin.

Həsən Mirzə müsafirin,

Sənə sevgi, eşqi dərin.

Dağ – deyib yumdu gözlərin,

Ünün yetdi, ona sənin?

Hər kəsə oylağın olmaz,

Namərdə yaylağın olmaz.

Mahirə, yığnağın olmaz,

Dağ olmasa anan sənin.

​ ​ ​ ​ TƏRPƏDƏR

Binəsində fəhm olanı

Sabahın yeli tərpədər.

Ürəyində rəhm olanı,

Dərddinin dili tərpədər.

Hərənin bir yarası var,

Dərd olanın çarası var.

Kimin eşqnən arası var,

Çöllərin gülü tərpədər.

Qoşma dərdi-səri, ömrüm,

Dönüb baxma geri, ömrüm.

Dağam-deyənnəri, ömrüm,

Dağların seli tərpədər.

Dərddimi ömür sirdaşın,

Dərdin olsun dağın-daşın.

Ana, ağlama, göz yaşın,

Can alar, ölü tərpədər.

Mahirə telli bir sazın,

Ruhuna hopub avazın.

Ay Nazlı, vallah ki, nazın,

Dəryanı, gölü tərpədər.

​ MƏNİ QINAMA

Qayada xınasan, gül üstə şehsən,

Gözlərim doymadı baxmaqdan sənə.

Nərgiz gülü kimi nə müştəbehsən,

Yüz yol harayladım, səs ver, dinsənə.

Gecələr ulduzsan bilmədimmi mən,

Bildim, gecələri səninlə aşdıq.

Sübhə qollarımdan tutub çəkən sən,

Nələr istəyirdik onu danışdıq.

İçimdən gələni deyə bilmədim,

Sözdən kəsərlidi, ülgücdən iti.

Neyniyim, eşidib haya gəlmədin,

Beləcə bu eşqi yaşa xəlvəti.

Bilmədim hissimi nə cür söyləyim,

Sevgimi, istəkmi, nə cürdü adı…

Çevrilib özün bax doğmalarına,

Gör hansı mənimtək sənə doğmadır?

Məni heç kim ilə yanaşı tutma,

O təhər tutmağa necə qıyarsan…

Kim səni eləcə, olduğun kimi

Görüb sevə bilər nə cürə varsan…

Adınnan yol gedib hara gəlmədim,

Üzünü görəndə baxdım o yana.

Neyniyim, sözümü deyə bilmədim,

Qınama, ay ömrüm, məni qınama.

Qayada xınasan, gül üstə şehsən,

Gözlərim doymadı baxmaqdan sənə.

Nərgiz gülü kimi nə müştəbehsən,

Yüz yol harayladım, səs ver, dinsənə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*