“V-IX siniflər üzrə dərslərin bərpası barədə qərar mövcud vəziyyət nəzərə alınmaqla veriləcək”.
KONKRET.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda onlayn seminarda deyib.
O qeyd edib ki, fevralın 1-dən I-IV siniflər və məktəbəqədər qruplar üçün tədris qismən bərpa ediləcək:
“Bakı şəhərində bütün ümumtəhsil müəssisələrində monitorinqlər aparılıb. Məktəblər fevralın 1-dən ənənəvi tədrisin bərpasına hazırdı. Distant təhsil sistemi dövründə istilik məsələsi elə də gündəmdə deyildi, amma fevralın 1-dən etibarən məktəblərdə dərslərin bərpası səbəbindən bu məsələ bizim diqqətimizdədir”.
İdarə müdiri əlavə edib ki, məktəblərdə avqust ayından olan təcrübələrə əsasən tədris prosesi qurulacaq:
“Fevralın 1-dən hibrid tədrisi yenidən tətbiq ediləcək. Əyani dərslərlə yanaşı distant formada da təhsil davam etdiriləcək. Həmin vaxt Bakı şəhəri üzrə 274 məktəbdə 1 092 sinifdə 27 122 uşaq məktəbəqədər təhsilə başlayır. 44 904 şagird I-IV siniflərdə əyani tədrisə başlayacaq”.