Vardan Oskanyan Paşinyanı savadsızlıqda İTTİHAM EDİRbackend

Vardan Oskanyan Paşinyanı savadsızlıqda İTTİHAM EDİR

Nikol Paşinyanın yürütdüyü siyasəti qəbul etməyən erməni cəmiyyətinin nümayəndələri baş naziri tənqid edir, məğlubiyyətdə onu günahlandırırlar. İyunun 20-də 44 günlük müharibəylə bağlı istintaq komissiyasına ifadə verəndən sonra Ermənistan baş naziri daha çox tənqid olunur. Bu dəfə növbə keçmiş xarici işlər naziri Vardan Oskanyana çatıb. Paşinyanı bacarıqsızlıqda ittiham edən keçmiş nazir bildirib ki, minimal diplomatik və hərbi-siyasi bacarığı olmayan lider uğur qazana bilməz. Paşinyanda isə bunların heç biri yoxdur:

”Birincisi, Paşinyanın həqiqətən də diplomatik və hərbi-siyasi biliyi, təcrübəsi yoxdur. Orduda xidmət etməyib və bir neçə dəfə xaricə parlament səfərləri istisna olmaqla, bütün müxalifətçilik fəaliyyəti dövründə bu sahədə ciddi təcrübə qazanmayıb. Paşinyanın biliyi məhduddur. Ona elə gəlir ki, hər şeyi bilir. Təbii ki, insan heç nə bilməyəndə, amma hər şeyi bildiyini düşünəndə uğursuz olur.

İkincisi, Paşinyan hakimiyyətə gələndə Qarabağ məsələsində nə etmək lazım olduğunu bilmirdi. Onun mövqeyi qeyri-müəyyən və xaotik idi. Təəssüf ki, əvvəlkilərdən heç biri ilə məsləhətləşmək istəmədi.

Bu yanaşma “Artsax Ermənistandır və nöqtə” ifadəsi ilə birləşərək müharibənin başlanmasına səbəb oldu. Azərbaycana problemin danışıqlar yolu ilə həllinin mümkünsüzlüyünü əsaslandırmaq imkanı verdi.

Üçüncüsü, Paşinyan rasional siyasətçi deyildi və ola da bilməz. Rasional qərar qəbul etmək üçün bir neçə şərt lazımdır. Paşinyanın daxildə özündən əvvəlkilərə, xaricdə isə Rusiyaya nifrəti kifayət etdi ki, rasionallığını itirsin.

Bir sözlə, onun diplomatik və hərbi-siyasi biliklərinin olmaması, qərarların qəbulunda qeyri-rasionallığı bizi bugünkü vəziyyətə gətirib ”, – deyə Vardan Oskanyan bildirib.

Uzun müddət Ermənistan xarici siyasətinə rəhbərlik edən bir şəxsin baş nazirləri haqqında fikir bildirməsi, onun şəxsi keyfiyyətləri barədə mövqeyi normaldır. Amma özlərini daha bacarıqlı adamlar kimi təqdim etməyə çalışanlar 30 il Azərbaycan torpaqlarını işğal altında saxlamaqla, hadisələrin bu yöndə inkişaf etməsinə zəmin yaratdılar. İndi Paşinyanın apardığı siyasətə ağız büzənlər özlərinin hakimiyyəti dövründə Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün hər cür iyrənc oyunlara əl atırdılar. Elə güman edirdilər ki, Azərbaycanın suveren ərazilərini işğal altında saxlamaqla öz məqsədlərinə nail ola biləcəklər. İndi filosofluq edən keçmiş xarici işlər naziri də dəqiq bilirdi ki, Azərbaycan öz ərazilərini güc yolu ilə azad edəcək. İndi Paşinyanı qınayan keçmiş nazir Ermənistanın bu günkü vəziyyətə düşməsində özlərini günahkar hesab etmir. Amma ən böyük günah sahibləri onlardır.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*