Vasif Talıbovun dövründə yarımçıq qalmış layihənin icrası bu quruma verildibackend

Vasif Talıbovun dövründə yarımçıq qalmış layihənin icrası bu quruma verildi

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad qəsəbəsi, Sədərək və Qaraağac kəndlərinin su təchizatı və kanalizasiya sistemləri üzrə yarım qalmış işlərin icrası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) nəzarətinə verilib.

KONKRET.az xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul edilib.

Əvvəllər isə layihənin sifarişçisi muxtar respublikanın keçmiş Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (indiki Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi) olub.

Hazırda qeyd olunan kəndlərin su təchizatı və kanalizasiya sistemləri üzrə yarım qalmış işlərin icrasına başlanılır.

ADSEA-nın tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı hazırlıqlara start verib və layihənin icrasına sərf olunacağı proqnozlaşdırılan vəsaitin həcmini elan edib. Məlumata görə, həmin kəndlərin su təchizatı və kanalizasiya sistemləri üzrə yarım qalmış işlərin icrasına 9,1 milyon manat vəsait sərf olunacağı ehtimal edilir.

Qeyd edək ki, sözügedən işlərin layihə-smeta sənədləri muxtar respublikanın keçmiş Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə ötən il “Hinal Proje” şirkəti tərəfindən hazırlanıb.

Xatırladaq ki, muxtar respublikanın Sədərək rayonunda tarixən içməli su problemi olub. Buna görə də 2020-ci ilin mart ayından etibarən problemin həlli üçün yeni içməli su və kanalizasiya sistemlərinin qurulması layihəsinə başlanılıb. Həmin ilin aprelin 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin o zamankı sədri Vasif Talıbov layihə ilə tanış olarkən Heydərabad qəsəbəsində, Sədərək və Qaraağac kəndlərində 155 kilometrə yaxın içməli su, 145 kilometrə yaxın isə kanalizasiya xətlərinin çəkiləcəyini, 3600-dən artıq su və kanalizasiya ev birləşmələrinin aparılacağını bildirib. Amma sonradan işlər yarımçıq qalıb. Vasif Talıbov isə 2022-ci ildə Ali Məclisin sədri vəzifəsindən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*