“Sülh prosesinin uğurla idarə olunması hərbi qələbədən heç də az əhəmiyyət daşımır. Çünki tarixdə elə nümunələr var ki, hərbi qələbə qazanan dövlətlər bu uğuru diplomatik müstəvidə davam etdirə bilməyiblər. Bu baxımdan, Vaşinqtonda imzalanan sənədlər kifayət qədər əhəmiyyətli və tarixi hadisədir. Burada Prezident İlham Əliyevin apardığı uğurlu diplomatik fəaliyyət xüsusi qeyd olunmalıdır”.
Bu fikirləri KONKRET.az-a Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, politoloq Əli Zülfüqaroğlu səsləndirib:
Əli Zülfüqaroğlu
“Dünyada son 10 ildə geosiyasi böhranın dərinləşməsi fonunda yaranmış vəziyyəti öz lehinə çevirməyi bacaran liderlər çox azdır, birincisi isə İlham Əliyevdir. Prezident əvvəlcə torpaqların işğaldan azad edilməsi istiqamətində mühüm addımlar atdı, ardınca separatizmin birdəfəlik ləğvi üçün uğurlu diplomatik addımlar atdı. Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması da bu baxımdan tarixi hadisə idi.
Daha sonra sülh istiqamətində atılan addımlar və qətiyyətli iradə, Azərbaycanın ciddi beynəlxalq təzyiqləri neytrallaşdırmasına imkan verdi. Xüsusilə, Bayden administrasiyasının Azərbaycana qarşı bütün təzyiqlərinə rəğmən, dövlət başçısı ölkənin milli maraqlarını qətiyyətlə müdafiə etdi və prinsipial mövqe nümayiş etdirdi. ABŞ-la yanaşı, Fransa da Azərbaycana təzyiq göstərirdi. Eyni zamanda, Paşinyan da xarici dəstəyə ümid edərək gözləmə mövqeyində idi. O, Bayden administrasiyası və Fransanın köməyi ilə geosiyasi zəmin yaranarsa, yenidən Azərbaycan ərazilərini işğal edə biləcəyinə ümid edirdi”.
Politoloq qeyd edir ki, bu kontekstdə Ermənistan Konstitusiyasının dəyişdirilməsinə dair İrəvanın birmənalı şəkildə razılıq verməməsi və məsələni “Ermınistanın daxili işi” kimi təqdim etməsi buna əsaslanırdı. Proseslərin xronoloji ardıcıllığına baxdıqda, Azərbaycan tarixdə çox önəmli bir mərhələyə qədəm qoyduğunu görmək mümkündür:
“Vaşinqton görüşündə dövlət başçısının ABŞ Prezidenti Donald Tramp tərəfindən yüksək ehtiramla qarşılanması, ona xüsusi diqqət göstərilməsi və Azərbaycanın şərtlərinin ABŞ tərəfindən də qəbul olunmasının arxasında ağır diplomatik fəaliyyət, cəsarət və strateji uzaqgörənlik dayanır.
İmzalanan sənədlərdə Ermənistan Konstitusiyasına dəyişiklik edilməsinin nəzərdə tutulması, yəni Azərbaycana qarşı ərazi iddialarının rəsmən aradan qaldırılacağı xüsusi yer tutur. Bu, ABŞ kimi güclü erməni lobbisinin təsir imkanlarının olduğu bir ölkənin Azərbaycanın şərtlərini qəbul etməsi baxımından mühüm hadisədir. Ermənistan dövlətindən daha güclü mövqelərə sahib erməni lobbisinin uzun illər apardığı ideoloji strategiyanın iflasa uğraması da bu prosesin nəticələrindəndir.
Fransa və bəzi mondialist beynəlxalq təşkilatların da Azərbaycana qarşı siyasətlərinin iflasa uğraması, ATƏT-in Minsk qrupunun de-yure ləğvi, Zəngəzur dəhlizinin açılması və Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı razılığın əldə olunması Azərbaycanın bütün şərtlərinin qarşı tərəf və vasitəçi ölkə olaraq ABŞ tərəfindən qəbul edildiyini göstərir”.
Ə.Zülfüqaroğlu vurğulayıb ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbi ciddi məsələdir:
“Mövcud sənəddə Azərbaycana qarşı ərazi iddiaları yer alır. Burada Ermənistan ərazilərinin Azərbaycan torpaqları hesabına genişləndirilməsi, erməni kilsəsi və lobbisinin müəyyən etdiyi xarici siyasi kursun davam etdirilməsi, hətta Türkiyə ərazilərinə iddialar da əksini tapıb.
Əgər Konstitusiya dəyişməzsə, gələcəkdə Ermənistanda hakimiyyət dəyişikliyi baş verdikdə, yeni rəhbərlik sülh sazişini qanunsuz elan edə, Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirə bilər. Bununla da beynəlxalq aləmdə “əsaslar” yaradaraq dəstək əldə edə, yeni işğalçılıq cəhdlərinə zəmin hazırlaya bilərlər. Birinci Qarabağ Müharibəsində olduğu kimi, təcavüzə nəruz qaldığı halda Azərbaycana qarşı “907-ci düzəliş”i tətbiq etməsi buna nümunədir.
Vaşinqton görüşündə bu məsələ də öz həllini tapdı, Bu ABŞ-nin Azərbaycana münasibəti baxımından tarixi addımdır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi gələcəkdə geosiyasi vəziyyət dəyişsə belə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq niyyətlərinin qarşısını alacaq. Bu, kifayət qədər önəmli və uzaq perspektivə hesablanmış strateji addımdır”.
Aynurə İsmayıl
KONKRET.az