Vəfa Şərifova və Yıldız Tilbe qalmaqalı böyüyür – Hansı cəzalar tətbiq oluna bilər?backend

Vəfa Şərifova və Yıldız Tilbe qalmaqalı böyüyür – Hansı cəzalar tətbiq oluna bilər?

Azərbaycanlı müğənni Vəfa Şərifova ilə türkiyəli sənətçi Yıldız Tilbe arasındakı qalmaqal böyüyür. Belə ki, Yıldız Tilbenin vəkili Handan Bakbak rəsmi açıqlama verərək Vəfa Şərifovanın bir televiziya verilişində Yıldız Tilbe ilə duet oxuyacağını və bunun üçün türkiyəli məşhur müğənniyə 100 min dollar (təxminən 170 000 AZN) ödədiyi, lakin buna baxmayaraq duetin baş tutmadığı ilə bağlı səsləndirilən iddiaları təkzib edib. Eyni zamanda Vəfa Şərifova haqqında hüquqi prosedurlara başlanılacağını bildirib.

Bəs belə halda hansı hüquqi prosedurlar və cəzalar tətbiq edilə bilər?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən hüquqşünas Arzu Əliyevanın sözlərinə görə, Vəfa Şərifova pulu verdiyini sübut edərsə, bu zaman Yıldız Tilbeye qarşı iddia qaldıra bilər:

“Hətta onları cinayət məsuliyyətinə cəlb etdirə, dələduzluqda ittiham etdirə bilər. Dediyini sübuta yetirə bilərsə, pulunu geri alar. Əgər vəsaiti ödəməyibsə, əksinə olaraq Vəfa xanımın özü dələduzluq cinayətində ittiham oluna, cinayət məsuliyyətinə cəlb edilə bilər. Hüquqi prosedur başlayarsa Vəfa xanım da öz müdafiəsini qurmalıdır”.

Vəkil Roman Qaraşov bildirib ki, belə bir vəziyyətdə hüquqi qiymətləndirmə Azərbaycan Respublikasının qüvvədə olan cinayət qanunvericiliyi prizmasından aparıldıqda, ilk növbədə böhtan cinayətinin tərkibinin olub-olmaması araşdırılır:

“Vəfa Şərifova tərəfindən ictimaiyyətə verilən açıqlamalarda Yıldız Tilbenin guya 100 min ABŞ dolları məbləğində ödənişi qəbul edib duet ifasından imtina etməsi iddia olunursa və sonradan bu məlumatların həqiqətə uyğun olmadığı, tərəflər arasında hər hansı müqavilə və ya hüquqi münasibətin mövcud olmadığı sübuta yetirilərsə, bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulan böhtan kimi qiymətləndirilə bilər. Çünki qanuna əsasən, yalan olduğunu bilə-bilə şəxsin şərəf və ləyaqətini ləkələyən, eyni zamanda onun işgüzar nüfuzuna xələl gətirən məlumatların mediada və ya internet informasiya ehtiyatlarında yayılması cinayət məsuliyyəti yaradır. Bu halda zərərçəkmiş tərəf xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməklə cinayət təqibinin başlanmasını tələb edə bilər”.

R.Qaraşov qeyd edib ki, cinayət işi üzrə məsuliyyət məsələsi həll edilərkən, Vəfa Şərifovanı real hüquqi sanksiyalar gözləyə bilər:

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, böhtan sübuta yetirilərsə, 1000 manatdan 1500 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər. Səsləndirilən iddialar Yıldız Tilbeni faktiki olaraq dələduzluq və ya cinayət xarakterli davranışda ittiham etmək mahiyyəti daşıyırsa, bu hal Cinayət Məcəlləsinin 147.2-ci maddəsi üzrə qiymətləndirilərək daha ağır cəzalara – iki ilədək islah işlərinə, üç ilədək azadlığın məhdudlaşdırılmasına və ya üç ilədək azadlıqdan məhrumetməyə səbəb ola bilər. Bu baxımdan, faktiki əsaslara və sübutlara söykənməyən açıqlamalar həm cinayət-hüquqi, həm də şəxsin peşə fəaliyyətinə dair ciddi risklər yaradır. Bununla yanaşı, məsələ yalnız cinayət hüququ ilə məhdudlaşmır və mülki iddia perspektivləri də kifayət qədər realdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, şərəf, ləyaqət və işgüzar nüfuz qeyri-əmlak hüquqları hesab olunur və onların pozulması mülki məsuliyyət yaradır. Əgər yayılan məlumatlar nəticəsində Yıldız Tilbenin peşəkar fəaliyyəti, kommersiya əlaqələri və sənətçi kimi etibarlılığı zərər görmüşdürsə, o, mülki məhkəməyə müraciət edərək həmin məlumatların təkzib olunmasını, habelə mənəvi və maddi zərərin ödənilməsini tələb edə bilər. Xüsusilə sənət və şou-biznes sahəsində işgüzar nüfuzun birbaşa gəlir və müqavilə imkanları ilə bağlı olması nəzərə alınaraq, belə iddialar üzrə yüksək məbləğdə təzminatın müəyyən edilməsi hüquqi baxımdan mümkündür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*