“İslam dinində meyitin dəfni ilə bağlı bir sıra mühüm şərtlər var. Bu qaydalar həm mərhumun dini tələblərə uyğun şəkildə torpağa tapşırılmasını, həm də qəbir yerlərinin hörmətlə qorunmasını təmin edir”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında İlahiyyatçı Fazil Əhməd səsləndirib:
“İslam dininə görə dəfn yerinin üç əsas xüsusiyyəti olmalıdır:
Birincisi, İslam dininin daşıyıcısı olan şəxsin mütləq müsəlman qəbiristanlığında dəfn edilməsi vacibdir. Bu, İslam qaydalarına uyğun dəfn mərasiminin həyata keçirilməsi üçün əsas şərtlərdəndir.
İkinci şərtə əsasən, qəbir hörmətsiz və uyğun olmayan ərazidə yerləşməməlidir. Zibillik sahələr, suyun yığıldığı bataqlıq ərazilər və ya ümumiyyətlə, kənardan baxıldıqda hörmətsiz görünən məkanlarda dəfn etmək İslam prinsiplərinə ziddir. Qəbirin yerləşdiyi ərazi həm fiziki, həm də mənəvi baxımdan hörmətli və təmiz olmalıdır.
Üçüncü əsas şərt isə dəfn yerinin mübah (heç kəsin şəxsi mülkiyyəti olmamalıdır -red) olması ilə bağlıdır. Əgər bir şəxs dövlət rüsumunu ödəyərək özünə qəbir yeri ayırıbsa və həmin ərazidə başqa biri icazəsiz dəfn olunursa, bu, artıq haram sayılır və dini baxımdan düzgün deyil”.
İlahiyyatçı qeyd edib ki, İslam dinində bəzi hallarda şəxsin öz həyətində dəfn olunmasına icazə verilir. Lakin bu məsələdə müvafiq dövlət orqanlarının icazəsi və hüquqi tələblərə əməl olunması vacibdir.
Aynurə İsmayıl
KONKRET.az