Vətəndaş torpaq sahəsinə hasar çəkmək üçün icazə almalıdır? – Hüquqşünas rəyibackend

Vətəndaş torpaq sahəsinə hasar çəkmək üçün icazə almalıdır? - Hüquqşünas rəyi

Vətəndaşlar özlərinə aid olan torpaq sahəsində hasar çəkmək istəyərkən bəzən anlaşılmazlıq yaşanır, tikinti işlərinə əngəllər törədilir.

Səbəb kimi isə hasarın çəkilməsi ilə bağlı müvafiq icazənin alınmaması göstərilir.

Maraqlıdır, şəxs ona aid olan torpaq sahəsində hasar tikintisinə görə hər hansı qurumdan icazə almalıdırmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, qanunvericiliyə görə, hasarların hündürlüyü 2 metr 20 santimetrdən hündür ola bilməz:

“Hasarların çəkilməsi ilə bağlı tələblər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun tənzimlənir. Bu məcəllənin 73-cü maddəsinə görə, müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş hallar istisna olunmaqla, hasarların hündürlüyü 220 santimetrdən çox ola bilməz. Eyni zamanda iki yanaşı torpaq sahəsi olarsa, səviyyə baxımından həmin hasarın hündürlüyü torpağın istinad nöqtəsindən yuxarı səviyyə qəbul olunur”.

O, həmçinin qeyd edib ki, vətəndaşlar hasarların çəkilməsi ilə bağlı məlumatlandırma icraatı qaydasında müvafiq şəhər İcra Hakimiyyətinə məlumat göndərməlidir:

“İcra Hakimiyyəti tərəfindən hər hansı tələb və təklif olmadığı təqdirdə hasarların çəkilməsi ilə bağlı müvafiq sərəncam vətəndaşa təqdim olunur. Bundan əlavə, vətəndaş layihə sənədi, torpağa dair mülkiyyət sənədi, şəxsiyyət vəsiqəsi və şəhər İcra Hakimiyyətinə ünvanlanmış müraciət məktubunu təqdim etməklə tikintinin başlanmasına sərəncamı ala bilər”.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*