“Yeni Mənzil Məcəlləsinə əsasən, çoxmərtəbəli yaşayış binalarının saxlanılması və kommunal xidmətlərin göstərilməsi birbaşa bina sakinlərinin səlahiyyətindədir. Sakinlər bu xidmətlərin təşkili ilə bağlı qərar qəbul edərək, qanunla müəyyən olunan formada onları həyata keçirirlər. Bu məqsədlə bina sakinləri Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini (MMMC) yarada bilərlər”.
Bu fikirləri hüquqşünas Vamiq Şükürov KONKRET.az-a açıqlamasında səsləndirib.
“MMMC vasitəsilə binaların idarə olunması, saxlanılması, kommunal xidmətlərin göstərilməsi, kommunal ödənişlərin miqdarının müəyyənləşdirilməsi və yığımı həyata keçirilə bilər.
2009-cu ilin oktyabrında qüvvəyə minən Mənzil Məcəlləsi, xüsusilə, hündürmərtəbəli binaların idarə olunması və kommunal xidmətlərin göstərilməsi sahəsində yeni qaydalar müəyyən edib. Qaydalara əsasən, bu sahələr bina sakinləri tərəfindən müstəqil şəkildə təşkil olunur”.
Vəkil qeyd edib ki, köhnə yaşayış binalarında vəziyyət fərqlidir.
“Belə binalarda kommunal xidmətləri hələ də Mənzil İstismar Sahələri (xalq arasında JEK-lər) həyata keçirir. Onlar adətən tullantıların yığılması, bəzi hallarda isə liftlərlə bağlı xidmətlər üçün sakinlərdən ödəniş toplayırlar. Bu ödənişlər Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir və aylıq, illik məbləğlər müəyyən olunur.
Baxmayaraq ki, köhnə binalarda Mənzil İstismar Sahələri fəaliyyət göstərir, sakinlər xidmətlərdən narazı qaldıqları halda, toplaşaraq öz hüquqlarını təmin edə bilərlər. Yeni Mənzil Məcəlləsinə əsasən, onlar da MMMC yaradaraq binanın idarə olunmasını, kommunal xidmətlərin təşkilni, ödənişlərin toplanması və digər bu kimi məsələləri həyata keçirmək hüququna malikdirlər”.
Aynurə İsmayıl
KONKRET.az