“Müasir dövrdə iş yerinə fiziki olaraq getmədən əmək haqqı almaq artıq reallığa çevrilib. Bu hal yalnız işçinin üzərinə düşən vəzifələri məsafədən icra etməsi mümkün olan sahələrdə mümkündür”.
Bu fikirləri hüquqşünas Ramil Süleymanov KONKRET.az-a açıqlamasında səsləndirib:
Ramil Süleymanov
“Bir sıra iş kateqoriyaları var ki, onların məsafədən, yəni iş yerinə gəlmədən yerinə yetirilməsi texniki baxımdan mümkündür. Bu səbəbdən, həmin hallarda işçilərə əmək haqqının ödənilməsi tam qanunidir. Əsas şərt isə işçinin işəgötürənin müəyyən etdiyi funksiyaları yerinə yetirməsidir.
Pandemiya dövründə milyonlarla insan evdən işləməyə başladı və əmək funksiyalarını məsafədən yerinə yetirdi. Bu, artıq yeni bir iş modelinə çevrilib”.
Hüquqşünas əlavə edib ki, Əmək Məcəlləsinə əsasən, əgər iş yerində qəza, fövqəladə hal və ya işçilərin sağlamlığına təhlükə yaradan digər hallar baş verərsə, bu zaman onların əmək fəaliyyətini dayandırması və iş yerində olmaması hüquqi baxımdan əsaslı sayılır. Belə hallarda da işçilərin orta aylıq əməkhaqları saxlanılır:
“Beləliklə, qanunvericiliyə və müasir iş şəraitinə əsasən, işə getmədən əmək haqqı almaq mümkündür və qanunidir. Əsas məsələ işin effektiv şəkildə yerinə yetirilməsidir”.
Müşviq Tofiqoğlu
KONKRET.az