Sosial şəbəkə istifadəçiləri marketlərdə satıcılar tərədindən ödənişin qalığının qaytarılmamasından narazılıq edirlər.
KONKRET.az narazılıqla bağlı paytaxtda fəaliyyət göstərən bir sıra iri marketlər şəbəkəsi ilə əlaqə saxlayıb. Sorğumuza cavab olaraq bildirilib ki, nağd ödənişlərdən fərqli olaraq kartla ödənişlərdə bu kimi halların yaşanması praktiki olaraq mümkün deyil.
“Nağd ödənişlər zamanı bu kimi problemlərlə qarşılaşan alıcılara isə tövsiyəmiz odur ki, naqativ hallarla bağlı dərhal rəhbərliyə şikayət etsinlər. İri marketlərdə belə halların yaşanması mümkün deyil. Problem daha çox xırda satış məntəqələrində yaşanır ki, bunun qarşısının alınması üçün də alıcı öz hüquqlarını müdafiə etməlidir. Bir çox hallarda isə xırda qalıqlar kibrit və s. məhsullarla əvəz edilir”.
Mövzu ilə bağlı KONKRET.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bununla bağlı qanunvericilikdə boşluq olduğunu deyib:
“Qanunvericilikdə bu barədə hər hansı maddə yoxdur. Aydındır ki, vətəndaşın ödədiyi pulun qalığı mütləq şəkildə qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsində göstərilir ki, mənimsəmə 20 manatdan çox olarsa, o zaman bu, məsuliyyət yaradır. Lakin az miqdardakı pullar sözügedən halla bağlı məsuliyyət yaratmır. Düşünürəm ki, bunlar qanunvericilikdə öz əksini tapmalıdır. Bəzən istehlakçılara kibrit və digər məhsullar verilir, bu da doğru deyil. Lakin bütün hallarda məsələlər tərəflər arasında razılaşdırılır”.
Məlik Məlikov,
KONKRET.az