Azərbaycanda illiyi yüksək olan özəl liseylərin sayı artıb və bu məktəblərin qiymət siyasəti ilə təhsil keyfiyyəti arasında birbaşa əlaqə mövzusu geniş müzakirə olunur. Hətta illiyi 55 mindən başlayan liseylər belə var. Belə liseylər yüksək təhsil standartları, beynəlxalq proqramlar, peşəkar müəllim heyəti və əlavə imkanlarla fərqlənir, lakin eyni zamanda yalnız maddi imkanı olan ailələr üçün əlçatan olur. Əsas sual isə ondan ibarətdir ki, bu tip yüksək qiymətli təhsil müəssisələrinin mövcudluğu cəmiyyətdə təhsil bərabərliyi və sosial ədalət prinsiplərinə necə təsir göstərir.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Azərbaycanda özəl liseylərin qiymətləndirməsini hər bir lisey özü müəyyən edir.
“Ortalamada 5–7 min, 10–15 min manat aralığında fəaliyyət göstərən liseylər var. Təəssüf ki, Azərbaycanda həm də Azərbaycan əhalisinin büdcəsinə uyğun olmayan, yəni 50 min manatdan yuxarı ödəniş tələb edən liseylər mövcuddur. Bütün bu liseylərdə proqramlar ya IB, ya Cambridge, ya da ənənəvi kurikulum sistemi əsasında həyata keçirilir. Fərqli cəhət odur ki, yüksək ödənişli liseylərdə çox imkanlı vəzifəli şəxslərin və iş adamlarının övladları təhsil alır, bu səbəbdən də qiymətlər yüksək göstərilir”.
Təhsil eksperti Məzahir Məmmədli
Ekspert bildirib ki, bəzi valideynlər isə övladlarının gələcək karyerasını düşünərək uşaqlarını həmin liseylərə göndərirlər.
“Bu məktəblərdə oxuyan şagirdlərin əksəriyyəti geniş əhatə dairəsinə malik olur, beləliklə, uşaqlar sosial çevrə baxımından da üstünlük əldə edirlər. Eyni zamanda, ümumtəhsil məktəbləri, yəni Elm və Təhsil Nazirliyinə tabe olan məktəb-liseylər də ödənişsizdir və nəticələri bəzi özəl liseylərdən geri qalmır. Özəl liseylərdə isə valideynlər daha çox rahatlıq əldə edir. Məktəb nəqliyyat, yemək və dərsdən sonra tapşırıqlar kimi məsələləri öz üzərinə götürür. Bu səbəbdən imkanlı valideynlər belə məktəbləri seçirlər. Ancaq nəticə ilə bağlı fərq birbaşa ödənişlə bağlı deyil. Ümumtəhsil məktəblərindən də yüksək nəticə göstərən şagirdlərimiz var. Bu artıq seçim məsələsidir. Təəssüf ki, bu qiymətlər tənzimlənmir. Belə bir qurumun olması, ödənişlərin müəyyən şərtlərə görə qiymətləndirilməsi faydalı olardı. Hazırda qanunvericilikdə bu sahədə müəyyən boşluqlar mövcuddur”.
