“Vladislav İnozemtsev: “Ermənistan nə vaxt başqalarına yox, özünə güvənəcək?”backend

“Vladislav İnozemtsev: “Ermənistan nə vaxt başqalarına yox, özünə güvənəcək?”

Noyabrın 10-da Nikol Paşinyan və İlham Əliyev arasında Vladimir Putinin vasitəçiliyi ilə bağlanmış müqaviləyə əsasən Dağlıq Qarabağda müharibə sülhlə başa çatdı. Müqavilənin bəndləri Azərbaycanı qalib kimi təqdim edir. Təbii ki, Azərbaycanın bu qələbəsinin böyük iqtisadi-hərbi əsasları var. Amma mən də “qaliblər mühakimə olunmur” prinsipi ilə daha çox Ermənistanın məğlub olma səbəblərinin üstündə dayanacağam. Çünki İkinci Qarabağ müharibəsinin nəticələrini qiymətləndirən əksər analitiklər Ermənistanın daxilindəki vəziyyətin inkişafına toxunmaqdan nəyə görəsə çəkinirlər. Onlar Ermənistanın məğlubiyyətini sivilizasiyaların toqquşması və yaxud ciddi geosiyasi vəziyyətlə əlaqələndirirlər.

Mən isə bu məğlubiyyətin Ermənistanın dünənindən qaynaqlandığını deyirəm. Xatırladım ki, Ermənistanı tez-tez İsraillə müqayisə edirlər. Dünyaya daha çox səpələndiklərinə, güclü diasporaya və sair məsələlərə görə. Ancaq oxşarlıqlar qurtaran yerdə fərqliliklər başlayır. Məsələn oxşarlıqları və fərqlilikləri müqayisə edək. İqtisadiyyatı götürək. 1960-cı ildə İsrailin ÜDM-i qonşu ölkələrin (Misir, Suriya və İordaniya) ümumi ÜDM-nin 52 faizini təşkil edirdisə, 2019-cu ildə artıq bu 116 faizə bərabər idi. Lakin Ermənistanın ÜDM-i (Azərbaycan və Türkiyə ilə müqayisə edildikdə) 1990-cı ildə cəmi 1,4, 2019-cu ildə isə 1,5 faiz idi. Eyni zamanda, İsrail əhalisinin qonşu dost olmayan ölkələrin sakinlərinin sayına nisbəti erməni göstəricisindən ən azı iki dəfə çoxdur (7,11% -ə qarşı 3,22%). Bundan əlavə, düşmənlərlə əhatə olunmuş və təbii qaynaqlardan məhrum olan İsrail həm öz əhalisinin, həm də diasporanın potensialından maksimum dərəcədə yararlanıb. Nəticədə İsrailin iqtisadi dayanıqlığı təmin olunub. İsrail ÜDM-nin artımına, adambaşına düşən gəlirlərə görə dünyada öncül yerlərdən birini tutur. Tək bir faktı deyim. İsrail ən müasir silahların istehsalına və satışına görə dünyada 10-cu yeri tutur.

Bu fonda Ermənistan tamamilə fərqli görünür: keçmiş Sovet İttifaqının ən zəngin diasporlarından birinə sahib Ermənistan MDB-nin ən kasıb ölkəsidir. Respublikada praktik olaraq yeni sənaye sahələri yaradılmır. İşçi qüvvəsinin 20 faizi kənd təsərrüfatında işləyir. Ölkə bütün tranzit yollardan uzaqda qalıb. Ən əsası Ermənistanda ən adi hərbi sursatın istehsalı belə yoxdur. Uğurla qloballaşan iqtisadiyyata malik ölkələrdən fərqli olaraq Ermənistan mono-milli bir respublika olaraq qalır.Təsəvvür edin ki, bu ölkədə rəsmi iqtisadi statistika yalnız erməni dilində yayımlanır. Və bu ölkəyə maraqlı olan investorlar üçün Ermənistan tam qapalı bir vadidir.

İrəvana və Bakıya baxmaq, uzun illər tikintisi yarımçıq qalmış  “Grand Cascade” ilə “Alov qüllələri”ni və Heydər Əliyev İncəsənət Mərkəzini müqayisə etmək kifayətdir ki, hansı ölkənin inkişaf etdiyini və hansının inkişaf etmədiyini aydın şəkildə görəsən. Avropa Şurasının üzvü olan, eləcə də Avropa və ABŞ ilə ticarətdə ən çox güzəşt verilən dövlət statusuna sahib olan Ermənistan hətta Qırğızıstandan da az ticarət dövriyyəsinə malikdir. Ötən il ölkəyə vur-tut 255 milyon dollar xarici investisiyalar cəlb edilib. Bu da Ermənistandan xaricə köçürülən vəsaitlərdən 6 dəfə azdır. Ən pisi odur ki, Ermənistan bir dövlət olaraq ələbaxımlılığa öyrənib. Bütün dövlətlərdən, uzaq ABŞ-dan tutmuş, yaxın Rusiyaya qədər hamıdan yardım umur… Bu siyahını daha da uzatmaq olar. Amma nəticə dəyişməyəcək…

Çox təəssüf ki, 21-ci əsrdə də müharibə siyasi mübahisələrin həlli üçün bir vasitə olaraq qalır. Və beynəlxalq hüquq münaqişələrin həllində çox vaxt acizdir. Bütün bunlar günlərimizin kədərli reallığıdır. Ancaq daha da acınacaqlısı odur ki, Ermənistanın hərbi məğlubiyyətdən təhlillər aparıb, nəticə çıxartmaq əvəzinə günahkar axtarır. Halbuki dünyaya çoxdan bəri məlum olan reseptlər və qaydalar var: “Özünə güvən, özünlə dünyaya meydan oxu”.  Bəs Ermənistan nə vaxt başqalarına yox, özünə güvənəcək?

Vladislav İnozemtsev, “Exo Moskva” 18 noyabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*