Yanvarın 13-də Xaçmaz rayon Əzizli kəndində oğlu tərəfindən xüsusi amansızlıqla öldürülən 66 yaşlı Səmən Sultanovanın qətlinin təfərrüatları məlum olub.
KONKRET.az-ın şimal bürosu xəbər verir ki, araşdırmalar zamanı hadisənin mərhumun 43 yaşlı ruhi xəstə olan oğlu Ramiz Sultanov tərəfindən törədilməsi müəyyən edilib. Ötən gün axşam saatlarında anasını qətlə yetirən şəxs polis tərəfindən rayon ərazisində avtomobildə hərəkətdə olan zaman nəzarət yoxlama qaydasında saxlanılıb və istintaqa cəlb edilib.
Hadisəni törədən şəxsin qardaşı Nəriman Sultanov onun əvvəllər də anasına xəsarət yetirdiyini bildirib. Ruhi xəstə olduğu üçün bir neçə ildən sonra yenidən azadlığa çıxan Ramiz Sultanov bu dəfə də ağır cinayət törədib. N.Sultanov eyni vəziyyətin yenidən təkrarlanacağından narahatlığını ifadə edib: “Beş il bundan öncə də bunabənzər hadisə törətmişdi. Aparıb 3-4 il saxladılar, buraxdılar. Gəldi bu hadisəni törətdi.
İkinci qardaşım da bu cür xəstədir. Onu da aparırlar, 1-2 ay saxlayırlar, buraxırlar”.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq araşdırmaları davam etdirilir.
Emin Kərimov,
Xaçmaz