Bir müddət öncə səhhətində problem yaranan və xəstəxanaya yerləşdirilən xalq artisti Ramiz Məlikin durumu ilə bağlı məlumat yayılıb. Belə ki, aktyorun Milli Onkologiya Mərkəzində müalicə aldığı açıqlanıb. Mərkəzdən verilən məlumata əsasən R.Məlikin vəziyyəti stabildir və həkimlərin nəzarəti altında zəruri prosedurları qəbul edir.
KONKRET.az xalq artistinin səhhəti ilə maraqlanmaq üçün onunla əlaqə saxlayıb. Danışmaqda çətinlik çəkən Ramiz Məlik müalicə prosesinin davam etdiyini söyləyib: “Vəziyyətim ortadır, proses davam edir, baxaq görək necə olur. Əsas sağlıq olsun”, – deyə xalq artisti bildirib.
Xatırladaq ki, bir müddət öncə Xalq artisti, “Şöhrət” ordenli Ramiz Məlik səhhətində yaranmış problemlərlə bağlı Heydər Əliyev Fonduna müraciət etmişdi. Aktyor müalicə aldığı xəstəxananın xərclərini ödəyə bilmədiyini dilə gətirmişdi.
Müşviq Tofiqoğlu,
KONKRET.az