Xameneinin planlarına ciddi zərbə vuruldu – İran böhranın astanasındadırbackend

Xameneinin planlarına ciddi zərbə vuruldu - İran böhranın astanasındadır

Dünyanın bəzi media orqanlarında İranın qısa müddət ərzində İsrailə hücuma keçəcəyi ilə bağlı iddialar səslənir. Həmçinin ABŞ dövlət katibi Antoni Blinken G7 ölkələrindən olan tərəfdaşlarını İran və Hizbullahın İsrailə qarşı mümkün hücumu barədə məlumatlandırıb.

Məsələ ilə bağlı KONKRET.az-a danışan İngiltərədə yaşayan iranlı siyasi fəal Babək Bəxtavər isə genişmiqyaslı qarşıdurmanın olacağını düşünmür:

“İsmail Həniyənin ölümü İran İslan Respublikasına vurulmuş ağır zərbədir. Onun kimi əhəmiyyətli şəxsin Tehranın mərkəzində və ciddi qorunan yerdə öldürülməsi hökumətin heysiyyətinə toxunub. Buna görə də İran mütləq şəkildə cavab tədbirləri görməlidir. Düzdür, nəzərə almaq lazımdır ki, sözügedən ölkənin iqtisadi durumu yaxşı deyil. Bu da onlara İsrailə ciddi zərbələrin endirilməsinə mane olur. Vəziyyətin daha da böyüyəcəyini düşünmürəm. İran hər zaman müharibədən qaçıb. İsrail də bunu anlayır. Düşünürəm ki, ciddi addımlar atılsaydı, indiyə qədər buna şahid olardıq. İranın cavabı olacaq, ancaq dediyim kimi genişmiqyaslı nəsə gözləmirəm”.

Siyasi fəal bildirdi ki, Haniyənin ölümü Əli Xameneinin planlarına ciddi zərbə vurdu:

“Hazırki vəziyyət İran-Qərb münasibətlərinin geriləməsinə səbəb olacaq. Bu məsələdə İsrailin Baş naziri Benyamin Netanyahu da maraqlıdır. İstəyir ki, hər hansı razılaşma olmasın. Həmçinin İran daxilindəki radikallar da Netanyahu ilə həmfikirdirlər. Onlar daim müharibə ritorikası seçiblər. Gərginlik Xameneinin planlarına böyük zərbə vurdu. O, Azərbaycan əsilli prezident Mesud Pezeşkiyanın əli ilə islahatlar keçirməyi düşünürdü. Amma daxili və xarici qüvvələr buna mane oldu”.

Ankara Hacı Bayram Vəli Universitetinin doktorantı, cənubi azərbaycanlı politoloq Məhsa Mehdizadə isə İranın hücum edəcək gücdə olmadığını dedi:

“İran bir çox hallarda İsrailə ciddi zərbələr endirəcəyini iddia edib. Lakin nəticə olmayıb. Düzdür, dəfələrlə olub ki, İran tərəfindən raketlər atılıb, amma İsrailə ciddi ziyan dəyməyib. Hökumət üzvləri tərəfindən səsləndirilən fikirlər yerli publikanı sakitləşdirmək üçündür. Sözügedən ölkədə ciddi təhlükəsiz problemləri var. Hər iki dövlətin rəsmiləri tərəfindən deyilən ifadələr gedişatın bir parçasıdır. Baxın, bir daha qeyd edirəm, İranın İsraillə birbaşa müharibəyə girəcək gücü yoxdur. Adıçəkilən ölkə iqtisadi böhranın astanasındadır”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*