Xankəndidə kortəbii mitinq başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediasına etirazçı Marat Stepanyan bildirib. O deyib ki, vətəndaşların tələbi dəyişməyib, onlar “prezident” Arayik Arutyunyandan Praqada qəbul edilən bəyanat və Azərbaycan Prezidenti İlham Əliyevin şərhləri ilə bağlı dəqiq mövqe bildirməyi tələb edirlər.
Onun sözlərinə görə, bir neçə yüz vətəndaş toplaşıb, çoxlu sayda polis də hadisə yerində olub.
Stepanyan deyib ki, Arutyunyanın Ermənistana təcili səfərindən xəbəri var, lakin ona heç bir ümid bağlamır.
“Biz bilirik ki, bu, sadəcə, saxtakarlıqdır. Bu görüşdən sonra çətin ki, nəsə dəyişsin, yenə boş bəyanat veriləcək”, – deyə o əlavə edib.
Qeyd edək ki, ötən gün Xankəndidə mitinq keçirilib, lakin iştirakçılar Arayik Arutyunyanla danışa bilməyiblər.
Xuraman Etibarlı,
KONKRET.az