Gəzməyə də, ölməyə də Vətən yaxşı. Hər qarışı, hər bucağı – dərəsi, dağı, çayı, düzü, insanı mənim üçün əzizdir bu Vətənin. Bir də axı Vətən torpaqları qanla qarışanda daha da müqəddəsləşir. Ağdam kimi… Bir qərinə ərzində Ağdamdan ayrı yaşadıq. Əslində yaşamadıq, zillət çəkdik. Ümid işığmız da sönmüşdü. İşğal edilmiş torpaqlara qayıtmaq, yurd-yuvamızı görmək arzusu xəyallara dönmüşdü, daşlaşmışdı, röyalarımıza hopmuşdu.
Amma birdən hər şey dəyişdi. Uca Allah möcüzə göstərdi. Onun iradəsi bərqərar oldu. Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu, Vətən oğullarımızın şücaəti, misilsiz qəhrəmanlığı sayəsində 44 günlük savaşda o möhtəşəm günü gözlərimizlə gördük, yaşadıq. Közərmiş ümidlərimiz alovlandı, yatmış, ruhsuz arzularımız yenidən çağladı.
Həmin arzularda mənim istəklərimin də ilğımı görünürdü. Həsrətində olduğum torpaqlarımızı nə qədər acı da olsa, öz halı ilə görmək, Aqil Abbasın “Dolu” filminin qəhrəmanları kimi qoşalaşıb o yerlərə getmək üçün gün gəlib yetmişdi. Bir ruh kimi deyil, real olaraq getmək istəyi nəhayət gerçəkləşmişdi.
Şənbə günü Su İdman Sarayının qarşısına toplaşan media və QHT rəhbərləri, blogerlər. ictimai fəallar səbirsizliklə bizi gözləyən avtobuslara tələsirdi. Aqil Abbas isə hər birimizlə görüşündə “Bizə gedirik” sözünü elə həvəslə deyirdi ki, hər kəsin simasında Zəfərin ifadəsi olan təbəssüm yaradırdı.
Görünən o idi ki, Prezident Administrasiyası səfəri yüksək səviyyədə hazırlamışdı. Prezidentin köməkçisi Hikmət Hacıyevin hər birimizlə ayrı-ayrılıqda isti və səmimi görüşü qarşıda bizi gözləyən qarışıq hisslərə hazırlayırdı sanki.
Ağdam xarabalıqları
Ömrümdə ilk dəfə idi Ağdamda olurdum və dağılmış, viran qalmış, xarabazara çevrilmiş bu torpaqlarda elə bir təəssürat yaranmadı məndə. Vəhşi ermənilərin səyi nəticəsində bütün yaşayış məntəqələri, kənd və qəsəbələr bir-birinə çox bənzəyirdi çünki. Bu yerlər Nuşirəvanla bayquşun söhbət etdiyi Mədain xarabalıqlarını xatırlatdı mənə. Ədəbiyyatımızda daşlamış bu sözü artıq “Ağdam xarabalıqları” kimi əvəz etmək də olar, məncə.
Baş Qərvənd kəndində dəmiryolu ətrafında minatəmizləmə prosesini izlədiyimdə keçirdiyim bir hiss isə nəinki ziyarət boyu, hətta ömrümün sonuna qədər məni tərk etməyəcək. Səfər proqramına görə, mina partlayışı nümayiş olunurdu. Məsafəcə bizdən çox uzaqda olan qurğunun partlaması sanki içimizi silkələdi. Hər birimiz qanlı müharibənin səsini bir an da olsa eşitməli olduq. Bir daha gördük ki, neçə-neçə oğullarımız bu dəhşət dolu sədalar altında döyüşlərdən-döyüşə atıldı, həyatlarını qurban verdi, gözlərini, ayaqlarını, qollarını itirdi. Və bizə Zəfər sevincini yaşatdı. Partlayışın qorxunc səsinin təsiri altında onlara sonsuz bir minnətdarlıq hissi var idi içimdə.
Amma Uzundərədə 2-ci Şəhidlər xiyabanında rastlaşdığım mənzərə ilə qəlbimdə bu hissi nifrət əvəzlədi. Ermənilərə olan sonsuz nifrəti deyirəm. 30 il boyunca bu torpaqlarda bəşəriyyət tarixində görünməyən barbarlıqlar törədən qonşumuza nə hisslər bəsləməliyik ki?! Zəfərimiz olmasaydı, gizlin-gizlin bu torpaqlara gəlsəydim, bəlkə də ürəyim dayanardı. Amma azad edilmiş Ağdamda qürurlanmışdım.
Alnıaçıq gəlmişdim Allahverdi Bağırovun görüşünə. Milli qəhrəmanımızın uyuduğu 1-ci Şəhidlər xiyabanında əfsanəyə çevrilmiş şəhidimlə şəkil də çəkdirdim. Axı o ölməzdir, unudulmazdır.
Ağdamımda hər addımda erməni vəhşiliyinin izləri gözümüzü deşirdi, qəlbimizi yaralayırdı. Qarağacı qəbiristanlığında, Şəhidlər xiyabanında eşilmiş, dağıdılmış məzarlıqları görən insan nə hisslər keçirər axı?! Elə bu mənzərələri seyr edə-edə düşünürəm ki, insan cildində olan eməni göreşənlərin vandallıqlarını unudacağıqsa, bundan da betər günlər gözləsin bizi!
Ağdamın “Poseydon məbədgahı”
Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının qalıqlarını Yunanıstanın Krit adasında yerləşən, qədim sivilizasiyanın nişanələrindən biri olan “Poseydon” məbədgahına bənzətdim. Amma yenə də fərqli hisslərlə. Kritdə bu məbədgahı seyr edərkən bir xalqın qədim mədəniyyəti ilə üz-üzə gələn şahid kimi sükut hopmuşdu dünyama.
Dağıdılmış teatrın salamat qalmış hissəsi isə bir barbar mədəniyyətinin nümunəsi idi. Orada ağlımdan keçən ilk o oldu ki, biz ermənilərin bu “mədəniyyəti”ni gələcək nəsillərə elə olduğu kimi qoruyub çatdırmalıyıq. Ağdamın bu yerlərində açıq səma altında muzey yaradılsa, miskin qonşularımızı əsrlər keçsə də, bu əməllərinə görə xatırlayacağıq. Mən belə bir muzeyi Volqaqradda görmüşəm. 1941-45-ci illərin dəhşətli səhnələri Stalinqrad uğrunda gedən döyüşlərdə xaraba qalmış şəhərin bir hissəsinin açıq səma altındakı muzeyində canlanırdı.
Biz də erməni faşizminin törətdiyi vandallığı yalnız tarix dərsliklərində, film və tamaşalarda bizdən sonrakılara çatdıra bilmərik. Açıq museylərin bu baxımdan böyük əhəmiyyəti var.
Tarixin dil açıb danışdığı Ağdam
Qarabağ xanlarının abidələr kompleksi, “İmarət” qəbiristanlığı, Şahbulaq qalası. Gün gələcək ki, hər kəs bu yerləri ziyarət edərkən Ağdamın hansı sınaqlardan keçidiyini tarixin səsi ilə eşidəcək.
Qarabağ xanlığının abidələr kompleksi
Mən buranı gəzdikcə nəzərimdə bir meqapolis canlanırdı. Hə, o gün uzaqda deyil. Geniş prospektlər, yaşıllıqlar, gözoxşayan binalar, memarlıq nümunələri əsarətdə illərlə zülm çəkmiş Ağdamımıza yeni görkəm verəcək. Bax, onda hər kəs deyəcək ki, Ağdama getmişdim, tarixi abidələri ziyarət etdim, məşhur çay evində oldum, Cümə məscidində namaz qılıb, Allaha sonsuz həmd-sənalar etdim.
Bayram şirniyyatları ilə bəzədilmiş çay süfrəsində həmkarlarımla elə bunları bölüşdüm. Dedim ki, Ağdam fərqli olacaq, işğaldan azad edilmiş torpaqlarımız daha bir-birinə oxşamayacaq. Ağdamla yanaşı, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Hadrut, Xocalı, Xankəndi və digər yerlərimiz də cənnətə dönəcək. Aranlı, dağlı Qarabağımız bir daha pis günlər görməyəcək!
Fadil Paşayev,
KONKRET.az