İranın Ali Rəhbərinin xarici siyasət məsələləri üzrə müşaviri Kamal Xarazi Qərb mediasına verdiyi açıqlamada rəsmi Tehranın ABŞ-a qarşı kəskin mövqeyini əsaslandırıb. Xarazi bildirib ki, İranın hazırda apardığı müharibənin əsas səbəbi Prezident Donald Trampın diplomatiyadan bir aldatma vasitəsi kimi istifadə edərək İrana qarşı bombardman kampaniyası yürütməsidir. Onun sözlərinə görə, istər mühafizəkar, istərsə də mülayim olmasından asılı olmayaraq, İran rejiminin heç bir üzvü artıq Vaşinqtonla hər hansı danışıqlarda ABŞ-a etibar etmir.
KONKRET.az xəbər verir ki, Trampın İrana qarşı hərbi əməliyyatların “dayandırılması” barədə israrlı bəyanatlarına baxmayaraq, bölgədə gərginlik artmaqda davam edir. Belə ki, göyərtəsində 2200 dəniz piyadası olan “USS Tripoli” gəmisi Yaxın Şərqə doğru irəliləyərək 11-ci MEU (Dəniz Piyadaları Ekspedisiya Bölməsi) qüvvələrinə qoşulub. Eyni zamanda, ABŞ Hərbi Hava Qüvvələrinin Cibutidəki Amerika bazalarına əlavə hərbi avadanlıq və canlı qüvvə yerləşdirdiyi bildirilir.
Ekspertlərin fikrincə, “3-cü Körfəz Müharibəsi” hələ başa çatmayıb, çünki İsrail qarşıya qoyduğu əsas məqsədlərə nail ola bilməyib. İranın nüvə və raket proqramlarının hələ də məhv edilməməsi, eləcə də rejimin zəiflədilməməsi bölgədə hərbi qarşıdurmanın yeni və daha şiddətli mərhələyə keçə biləcəyindən xəbər verir.
Natiq Səlim,
KONKRET.az
