Azərbaycanda kredit ödənişlərində problemlər yaşayan və buna görə “pis kredit tarixçəsi” formalaşan şəxslər bu vəziyyətdən necə çıxacağını tez-tez sual edirlər.
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, vətəndaş kredit reputasiyasını bərpa etmək üçün ilk növbədə mövcud borclarını tam şəkildə bağlamalıdır.

Ekspertin sözlərinə görə, borc ödənilmədiyi halda digər bankdan kredit almaq mümkün deyil:
“Vətəndaş banka sübut etməlidir ki, onun artıq vəziyyəti normallaşıb. Birinci növbədə köhnə borclarını bağlamalıdır. Çünki borc qala-qala başqasından borc almaq olmaz. O, sübut etməlidir ki, pis tanıtıcıya səbəb olan məqamlar aradan qalxıb”, – deyə Kərimli bildirib.
İqtisadçı qeyd edib ki, kredit tarixi zədələnmiş müştərilərə banklar ilk mərhələdə daha yüksək faiz təklif edə bilər:
“İlk dönəmdə bank ona yüksək faizlə kredit verəcək, çünki o, riskli müştəridir. Həmçinin zamin də tələb oluna bilər. Sonradan vətəndaş ödəniş intizamını bərpa etdikcə banklara vəziyyətinin düzəldiyini sübut edəcək. Başqa yol yoxdur”, – deyə o, vurğulayıb.
Mütəxəssis əlavə edib ki, kredit tarixçəsinin yaxşılaşdırılması zaman və maliyyə intizamı tələb edir, lakin mərhələli şəkildə bu proses mümkün olur.
Aynurə İsmayıl
KONKRET.az
