“Xəzərlə bağlı problemlər qəfildən üzə çıxacaq” – EKOLOQDAN SOS!backend

"Xəzərlə bağlı problemlər qəfildən üzə çıxacaq" - EKOLOQDAN SOS!

Xəzər dənizinin səviyyəsi son 10 ildə 114 sm aşağı düşüb. Hazırda dənizin səviyyəsi Baltik dənizi ilə müqayisədə -28,78 metr təşkil edir. Belə ki, son 5 ildə səviyyə 69 santimetr, 10 ildə isə 114 santimetr aşağı düşüb. Bu, bütün Xəzəryanı ölkələri narahat edən problemlərdən biridir.

Təbii ki, dünyada su qıtlığının yaranması, qlobal istiləşmə, iqlim böhranının dərinləşməsi sözügedən problemə də öz təsirini göstərməklə, çox ciddi fəsadlara yol aça bilər. Sözsüz ki, bu da məsələ ilə bağlı ciddi tədbirlərin görülməsini labüd edir.

Mövzunu KONKRET.az-a dəyərləndirən Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, ekoloq Rövşən Abbasov bildirib ki, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsinin müxtəlif izahları var: “Ümumiyyətlə, Xəzər dənizində səviyyə tərəddüdü normal bir şeydir. Çünki tarixi müşahidələr də bunu sübut edir. 1978-ci ildə Xəzər dənizində səviyyə çox aşağı düşmüşdü, 1995-ci ilə qədər yenidən qalxıb və 1995-ci ildən bu günə qədər bu düşmə yenə də davam edir, hazırda isə özünün tarixi minimumuna çatmaqdadır. Bunun əsas səbəbi kimi hansı amilləri göstərmək olar? Mən mütləq mənada Xəzərə tökülən çaylardan su götürmələrinin çoxalmasını əsas götürürəm. Çünki həm Rusiyada, həm Azərbaycanda, həm də Qazaxıstanda kənd təsərrüfatının inkişafı, suya tələbatın getdikcə artması və Volqa, Ural, Kür kimi çaylardan daha çox suyun götürülməsi Xəzərin su balansına mənfi təsir edir və nəticədə dənizdə suyun səviyyəsi aşağı düşür.

Digər tərəfdən, qlobal iqlim dəyişikliyini bu problemə misal göstərmək olar. Yəni su təkcə su götürmələrinə görə azalmır, həm də iqlimin qlobal istiləşməsi fonunda azalır. Belə ki, son 30 ildə temperatur getdikcə artır, Volqa, Ural və Kür çaylarının hövzəsinə düşən atmosfer yağıntılarının azalması baş verir və bu da Xəzərə gələn suyun getdikcə azalmasına səbəb olur. Həmçinin, temperaturun artması həm də Xəzərdən buxarlanan suyun artmasına təsir edir. Ona görə də Xəzər dənizinin səviyyəsinin dəyişməsinə adaptasiya olunmalıyıq”.

R.Abbasov hesab edir ki, bununla bağlı mütləq mənada “milli adaptasiya” proqramı işlənilməlidir. “Çünki dəniz getdikcə çəkilir, ətraf ərazilərdə həm dənizdən müxtəlif məqsədlər üçün su götürmələri, həm də gəmilərin hərəkəti çətinləşir, limanların işi axsayır. Məhz bu problemə görə, hətta Bakı şəhərində dəniz gəzintilərini təşkil etmək də olduqca çətinləşib. Çünki həmin gəmilər quraqlıq ucbatından sahilə yan ala bilmir”.

Ekoloq bildirir ki, dənizin səviyyəsinin düşməsi Xəzərin ekosisteminə də çox güclü təsir edir: “Xəzərə tökülən çaylar bəzən dənizə çatmır və nəticədə balıqlar dənizdən çaylara keçə bilmir. Yəni çoxlu problemlər mövcuddur və onların bir hissəsi haqqında bizim heç məlumatımız da yoxdur. Bu problemlər qəfildən üzə çıxacaq və bu zaman biz buna qarşı mütləq hazır olmalıyıq”.

“Ona görə də “milli adaptasiya strategiyası”nın fonunda “milli adaptasiya” proqramının işlənilməsi çox vacibdir. Bu proqram bütün təsərrüfat sahələrinin Xəzərin səviyyəsinin azalmasına qarşı adaptasiya olunmasını nəzərdə tutmalıdır”, – deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*