Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi bəyanat yayaraq, son sutka ərzində Azərbaycan Respublikasının ərazisində, o cümlədən turizm məqsədilə olan Rusiya Federasiyası vətəndaşlarından Səfirliyə çoxsaylı müraciətlər daxil olduğunu bildirib. Qeyd olunub ki, müraciətlərdə qeyd olunur ki, onların yaşadıqları ünvanlara mülki geyimli şəxslər (bəzi hallarda özlərini polis əməkdaşı kimi təqdim edənlər) gəlib və rusiyalıların ölkədə qalma məqsədi ilə maraqlanaraq sənədlərini yoxlayıblar. “Bəzi müraciət edənlərin sözlərinə görə, onlara və ailə üzvlərinə fiziki zorakılıq tətbiq edilib”.
Həmçinin, bildirilib ki, səfirlik Azərbaycan Xarici İşlər Nazirliyinə saxlanılan Rusiya vətəndaşlarına konsulluq girişi təmin olunması tələbi ilə təcili qaydada nota göndərib. “Azərbaycan tərəfindən hələlik cavab verilməyib”, deyə bəyanatda yazılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi sözügedən bəyanatı şərh edib.
KONKRET.az xəbər verir ki, XİN-in mətbuat katibi Ayxan Hacızadə sözügedən iddiaların əsassız olduğunu bildirib:
“Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin və Rusiyanın ölkəmizdəki Səfirliyinin 2 iyul tarixli bəyanatlarında guya Azərbaycanda səfərdə olan Rusiya vətəndaşlarına və onların ailə üzvlərinə qarşı hüquq-mühafizə orqanları tərəfindən fiziki güc tətbiq edildiyi, habelə həbs olunmuş Rusiya vətəndaşlarına konsulluq dəstəyinin göstərilməsi ilə bağlı Rusiyanın rəsmi müraciətlərinə Azərbaycan tərəfindən cavab verilmədiyi iddiaları əsassızdır.
Azərbaycan tərəfindən saxlanılan və həbs edilmiş qruplaşmalar, eləcə də ölkəmizdə qanunsuz fəaliyyət göstərən “Sputnik-Azərbaycan” filialında çalışan Rusiya vətəndaşları ilə bağlı Azərbaycan tərəfinin rəsmi mövqeyi ictimaiyyətə açıqlanıb”
Konsulluq dəstəyi məsələsinə gəldikdə isə A.Hacızadə qeyd edib ki, Rusiya tərəfindən 30 iyun və 1 iyul tarixlərində XİN-ə daxil olmuş müraciətlər dərhal aidiyyəti dövlət qurumuna ünvanlanıb və həbs olunmuş şəxslərin kimliyi və təhqiqat aparan səlahiyyətli qurum barədə müvafiq məlumat Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Konsulluq Konvensiyasının 39-cu maddəsinin 1-ci bəndinə əsasən Rusiya tərəfinə təqdim olunub.
“Ümumilikdə, konvensiyaya uyğun olaraq müraciətlərə baxılması müddəti Rusiya tərəfinə məlumdur”, deyə mətbuat katibi vurğulayıb.
A.Hacızadə həmçinin,Rusiyanın müxtəlif şəhərlərində saxlanılan və cəzaçəkmə müəssisələrində olan Azərbaycan vətəndaşları ilə konsulluq görüşlərinin təşkil olunması üçün dəfələrlə edilmiş müraciətlərə Rusiya tərəfindən cavabların həftələrlə gecikdirilməsini Azərbaycan tərəfinin heç zaman ictimaiyyətləşdirərək siyasiləşdirməydiyini qeyd edib:
“Qeyd edilənləri nəzərə alaraq, Rusiya tərəfini vəziyyəti süni şəkildə daha da gərginləşdirən addımlardan və bəyanatlardan çəkinməyə çağırırıq”, deyə XİN rəsmisi əlavə edib.