XİN-in UNESCO “SEVDASI” – Nazirlik niyə özünü təşkilatın filialı kimi aparır? – ƏTRAFLIbackend

XİN-in UNESCO “SEVDASI” – Nazirlik niyə özünü təşkilatın filialı kimi aparır? - ƏTRAFLI

Ölkə Prezidentinin həyata keçirdiyi xarici siyasət dünya liderləri tərəfindən alqışla qarşılanır. Bu isə təsadüfi deyil. Öz iti zəkası, böyük təcrübəsi, siyasi manevr qabiliyyəti, qətiyyəti və iradəsi sayəsində İlham Əliyev dünya supergüclərini belə onunla hesablaşmağa məcbur edir. Biz 44 günlük Vətən müharibəsində bütün bu sadaladıqlarımızın şahidi olduq. İlham Əliyevin Ali Baş Komandan kimi dünyanın nüfuzlu nəşrlərinə verdiyi müsahibələr, Ermənistanın müharibə cinayətlərini beynəlxalq ictimaiyyətə şəxsən çatdırması, habelə BMT, ATƏT və digər böyük təşkilatların ikili standartlarına layiqli cavab verməsi onun nə qədər böyük siyasətçi olduğunu sübuta yetirir. Lakin təəssüflər olsun ki, ölkə başçısının etimad göstərib yüksək postlara qoyduğu bəzi məmurlar onun siyasi kursunu layiqincə davam etdirə bilmir. Azərbaycan Xarici İşlər Nazirliyinin BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) üzvlüyümüzün 30-cu ildönümü ilə bağlı yaydığı bəyanatda bunu açıq-aşkar görmək mümkündür. Doğrudur, XİN Azərbaycanın üzv olduğu və ya əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlarla bağlı bəyanat vermək hüququna malikdir. Amma UNESCO kimi ikili standartları əsas götürən bir təşkilat haqqında bəyanat yayarkən, onun ölkəmizə qarşı qərəzli mövqeyini də əlavə etmək çox vacibdir. Xarici İşlər Nazirliyinin belə ciddi məsələyə fikir verməməsi isə heç cür anlaşılan deyil. Ona görə də mətni diqqətlə oxuduqda bunun bəyanat yox, daha çox UNESCO-nun “bəy tərifi” olduğu hiss edilir.

  • FAKT: Deməli XİN-in bəyanat mətni ilə tanış olarkən diqqətimi ən çox bu hissə çəkdi: “Otuz il ərzində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı mədəni və dini irsimizin dağıdılması, təhqir edilməsi, mənimsənilməsi, mahiyyətinin dəyişdirilməsi, mədəni sərvətlərin ölkəmizdən qeyri-qanuni çıxarılması kimi müharibə cinayətləri barədə UNESCO mütəmadi olaraq məlumatlandırılıb”.
  • SUAL: Çox hörmətli Xarici İşlər Nazirliyi və bu bəyanatı hazırlayanlar! Bəs “UNESCO”nun bu məlumatlandırmaya reaksiyası necə olub? Daha çox “bəy tərifi”ni xatırladan bəyanatınıza niyə bu haqda bir kəlmə də əlavə etməmisiniz? Mümkündürmü ki, “UNESCO”nun sizin bu məlumatlarınıza biganəliyi səbəbindən yazmağa sözünüz olmayıb? Axı siz Azərbaycanın xarici siyasətindən sorumlu olan bir qurumsunuz, niyə özünüzü beynəlxalq təşkilat olan “UNESCO”nun filialı kimi aparırsınız? Hələ XİN-in tərkibində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyanın Daimi Katibliyinin olması da bir ayrı mövzunun müzakirəsidir. Yəqin ki, Xarici İşlər Nazirliyi suallarımıza reaksiya verəcək. Hərçənd Prezidentin UNESCO ilə bağlı mövqeyindən bixəbər olan bu boyda qurumun bizim suallarımıza cavab verəcəyini gözləmək də sadəlövhlükdür.

Bu məqamda ölkə başçısının UNESCO ilə bağlı tənqidi mövqeyini Xarici İşlər Nazirliyinə xatırlatmağı özümə borc bilirəm.

FAKT: “Qeyd etmək istəyirəm, otuz ildir ki, biz UNESCO-dan işğal olunmuş ərazilərə gəlməyi və şahid olduqlarını bildirməyi xahiş edirdik. Onlar həmişə imtina edirdilər. İkinci Qarabağ müharibəsindən bir il və ya ola bilsin bir il yarım əvvəl bizim ovaxtkı xarici işlər naziri UNESCO-da idi və bu sualı onlara vermişdi. Cavab isə belə oldu ki, UNESCO siyasi məsələlərlə məşğul olmur”.

Prezidentin səsləndirdiyi digər fakt: “Müharibə bitəndən sonra vəziyyət dəyişdi. Nəyə görə? Çünki belə bir qavrayış var idi ki, erməni tarixi irsi dağıdıla bilər. Lakin 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdılmasına heç bir məhəl qoyulmamışdır. Sanki heç bu, bir tarixi irs deyil, sanki bu, bir dini irs deyil. Bu, bizim üzləşdiyimiz vəziyyətdir. Lakin minlərlə, on minlərlə beynəlxalq nümayəndənin Şuşanı ziyarət etməsi və onların hamısının erməni kilsəsinə toxunulmamasını görmələri faktı, əksinə olaraq ermənilərin dağıtdığı məscidlərə rəğmən bu kilsənin bərpa ediləcəyi faktı indi UNESCO-nun regiona gəlmək marağını aşağı salır”.

Prezidentin UNESCO ilə bağlı bu fikirlərini xatırlamaq kifayətdir ki, adıçəkilən təşkilata “bəy tərifi” edilməsin. Amma, görünür, XİN-in əməkdaşları evdən işləməyə adət etdiklərindən sözügedən faktlardan xəbərsizdirlər. Əks halda Azərbaycanın maraqlarına biganə yanaşan, Ermənistanın vandalizminə göz yuman, ikili standarlardan çıxış edən, lazım olanda siyasi, olmayanda isə “mədəni” təşkilata çevrilən UNESCO haqqında belə “bəyanat” verilməzdi. Görünən odur ki, Azərbaycan Xarici İşlər Nazirliyi Prezidentin həyata keçirdiyi xarici siyasi kursa tam olaraq dəstək verə bilmir. Ümid edirik ki, bundan sonra Xarici İşlər Nazirliyi belə ciddi məsələlərə daha həssas yanaşaraq adekvat mövqe sərgiləyəcək.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*