Xoca Əhməd Yasəvinin məqbərəsi TƏHLÜKƏDƏ – FOTOLARbackend

Xoca Əhməd Yasəvinin məqbərəsi TƏHLÜKƏDƏ - FOTOLAR

Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının görüşündə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almatıya ŞƏT-in mədəniyyət və turizm paytaxtı statusunun verilməsini təklif edib. Dövlət başçısı ŞƏT-in “Ruhani ziyarətgahlar” layihəsinə start vermək ideyasını da açıqlayıb. Onun fikrincə, bu, orta əsrlərin görkəmli mütəfəkkiri Xoca Əhməd Yasəvinin məqbərəsi olmalıdır.

Türküstandakı Xoca Əhməd Yasəvinin məqbərəsi “ŞƏT-in mənəvi ziyarətgahına” çevrilərək Asiya ölkələrindən turist axınının artmasına tab gətirə biləcəkmi?

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, son illər məqbərənin vəziyyəti alimləri ciddi narahat edir. Bu, Qazaxıstandakı tarixi abidələr üçün tipik hal olsa da, bu dəfə alimlər vəziyyəti xüsusi ciddi qəbul edir.

“Сəmiyyət məqbərəni diqqətlə izləyir. Hər kəs onun əla vəziyyətdə olmasını istəyir. Hər şey ciddi nəzarət altındadır. Məqbərənin 617 yaşı var. 1405-ci ildən tikildiyini nəzərə alsaq, 600 ildə çox şey dəyişib”, – “Həzrət-Sultan” qoruğunun direktoru Maulen Sadıqbek bildirib.

Məqbərənin təbii şəraitin və xarici amillərin təsirinə məruz qalması bir neçə ildir ki, adi gözlə görünür. Belə ki, abidənin divarları nəmdir, binanın hər tərəfində duz görünür, suvaq tökülür. Muzeyin təhlükəli vəziyyəti ilə bağlı məsələni bu ilin aprelində deputat Maksat Tolıkbayev qaldırıb. Qərara alınıb ki, məqbərə daimi nəzarətdə olmalıdır, çünki bu problem nəzarətsiz qalacağı təqdirdə binanın dağılması riski yüksəkdir.

Alimlər müəyyən ediblər ki, məqbərədə əsas problemlərdən biri rütubətin yığılmasıdır. Məhz buna görə də məqbərənin mərkəzi zalında dekorativ elementlər qopmaya başlayıb.

Bu, alimlərin və tədqiqatçıların narahatlığına səbəb olub. Artıq problem 20 ildir ki, mövcuddur.

Qeyd edək ki, məqbərədə bərpa işləri sovet dövründə, 50-ci illərdən başlayaraq aparılıb və bu günə qədər davam edir.

“Deyirlər ki, məqbərəyə baxılmır. Dövlətimiz buna ciddi nəzarət edir. Hər il büdcədən böyük vəsait ayrılır. Amma hazırda heç kim konkret olaraq məqbərənin hansı vəziyyətdə olduğunu deyə bilməz. Bu, mürəkkəb tədqiqat işləri tələb edir”, – deyə Maulen Sadkbek bildirib.

Qeyd olunub ki, məqbərənin vəziyyəti diqqətli tədqiqat işləri tələb edir. Bunun üçün bir il vaxt ayrılıb. Tədqiqatçılar məqbərəni bütün fəsillərdə: yayda, payızda, qışda, yazda müşahidə etmək istəyirlər. Bu işə bir çox elmi-tədqiqat institutları cəlb olunub. İşlər “Kazrestavrasiya”nın ümumi rəhbərliyi altında aparılacaq.

“Həzrət-Sultan”ın direktorunun sözlərinə görə, bundan sonra da araşdırmalar dayanmayacaq. Məqbərə daimi və diqqətli monitorinq tələb edir. Artıq  burada müxtəlif fəsillərdə rütubət göstəricilərini oxuyan sayğaclar və sensorlar quraşdırılıb.

M.Sadkbek bildirib ki, binanın daxilində rütubəti sabitləşdirmək üçün müəyyən tədbirlər görülməlidir. Tədqiqat qrupunun hazırkı qiymətləndirmələrinə görə, məqbərəyə nəmin daxil olmasının səbəblərindən biri düzgün su izolyasiyasının olmamasıdır.

Qeyd olunub ki, 2000-ci illərin əvvəllərində məqbərə bərpa olunub, dam örtüyü yenilənib və günbəzin üzərində anhidrid adlanan xüsusi materialdan istifadə olunub. Hesablamalara görə, bu material su keçirməməli idi, lakin əksinə oldu.

Gələcəkdə məqbərəyə turistlərin və ziyarətçilərin gəlməsi tədqiqat işlərinin nəticələrindən asılı olacaq. Ola bilsin ki, məqbərədə Luvr və ya Tac Mahaldan nümunə götürülərək ziyarətçilərin maksimum sayına məhdudiyyətlər tətbiq edilsin.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*