Xəbər verdiyimiz kimi Xocalının Qarabulaq, Moşxmaat kəndləri işğaldan azad edilib.
Bununla bağlı KONKRET.az-a sevincini bölüşən Xocalı rayon deputatı Elman Məmmədov bildirib ki, Azərbaycanın şanlı Ordusu hər gün yeni qələbələrlə bizi sevindirir: “Ali Baş Komandan bildirmişdi ki, bütün torpaqlarımız işğaldan azad ediləcək. Düşməni bütün ərazilərimizdən iti qovan kimi qovub, ərazi btüövlüyümüzü təmin edəcəyik. Cənab Prezident ölkə başçısı seçildiyi ilk gündən sübut edib ki, o, sözünün ağası olaraq, söylədiklərini icra edən rəhbərdir. Bugünkü qələbə müjdələri bunu bir daha sübut edir. Artıq Xocalının da kəndlərinin işğaldan azad edilməsinə başlanılıb. Əminəm ki, tezliklə daha böyük qələbə müjdələrini alacağıq. Eşq olsun Ali Baş Komandana, Azərbaycan Ordusuna və xalqına! Qələbə bizimdir. Qarabağ Azərbaycandır. İnanıram ki, tezliklə yekun qələbəmizi qeyd edəcəyik”.
Deputat vurğulayıb ki, Xocalı tam işğaldan azad olunandan sonra bütün infrastruktur bərpa ediləcək: “Xocalıda hər qarış torpaq şəhid qanı ilə sulanılıb. Orada ermənilər tərəfindən dağıdılan hər bir evin, sönmüş ocağın şəhidi var. Xocalıda çox sayda dəfn olunmamış şəhidlərimiz var. Məncə Xocalıya qayıdışdan sonra o narahat ruhlar rahatlıq tapacaq. Şəhidlərimizin qisası alınacaq. Xocalıya ilk qayıdışımızda şəhidlərimizin məzarı olacaq. Bilirsiniz, o yerlər müqəddəs torpaqlardır. Xocalı soyqırımı törədilən ərazilər soyqırım abidə kompleksi şəklində tarix kimi qorunub saxlanılmalıdır. Düzdür, hər şeyin doğrusunu cənab Prezident bilir. Biz sadəcə vətəndaş kimi fikirlərimizi söyləyirik. Düşünürəm ki, Xocalı o cür abidə kimi saxlanılan yer olacaq”.
Nərgiz Mirzəyeva,
KONKRET.az