Yanımızda Türkiyə, qarşımızda Rusiya…backend

Yanımızda Türkiyə, qarşımızda Rusiya...

Türkiyə hər şeyi ilə Azərbaycandadır. Ən əsas da ordusu, siyasəti və sevgisi ilə. Azərbaycan Türkiyənin burda olmasından əsla narahat deyil, əksinə, bundan qürur duyur, rahatlıq tapır. Neçə illərdir xalqımızın arzuladığı olay baş verdi: işğaldakı torpaqları Türkiyənin hərbi-siyasi dəstəyi ilə azad etdik.

Türkiyə həm də gələcəkdə bizi Rusiyanın pis sürprizlərindən qoruya biləcək tək dövlətdir, etibarlı müttəfiqdir. Prezident İlham Əliyev oktyabr ayında xalqa müraciətlərindən birində demişdi ki, Türkiyə ordusuna məxsus F-16-lar xarici təcavüz zamanı havaya qalxacaqlar. Yeri gəlmişkən, o hərbi təyyarələr, helikopterlər hələ də Azərbaycandadır.

Bəs Türkiyənin burada olmasına Rusiya nə əcəb bu qədər dözümlü yanaşdı? ABŞ, NATO Türkiyə Ordusunun Azərbaycan Ordusu ilə vaxtaşırı birgə təlimlər keçirməsində maraqlı ola bilərmi? “NATO Türkiyə vasitəsilə burda möhkəmlənir” iddialarının əsası varmı? (Türkiyə NATO üzvüdür və alyansın Türkiyədə hərbi bazaları var).

Burada qəribə bir nüans da var.

44 günlük müharibənin qələbə ilə başa çatmasında Rusiya amilini danmaq mümkün deyil. Putinin məlum mövqeyi olmasaydı, Azərbaycan ciddi çətinliklə üzləşərdi. Necə ki, 2016-cı ilin aprelində Rusiya prezidenti 4 gün səbr etdi, sonra tərəflərə atəşi dayandırmaq üçün müraciət etdi. Sonrası hər kəsə məlumdur. Bu dəfə isə Rusiya öz susqunluğu ilə Azərbaycanı dəstəkləmiş oldu. Şuşaya qədər dözdü, dayandı…

Rusiyadan ehtiyat etmək lazımdır. Proqnozlaşdırılmayan ölkədir, etibarsız dövlətdir, aqressiv qonşudur. Amma ondan bu qədər qorxmağa, qarşısında gözüqıpıq olmağa gərək yoxdur. Bir ölkənin ki ən ciddi raket-kompleksi partlamaya, ondan qorxmağa dəyməz… Türkiyənin “Bayrakdar”ı 44 günlük müharibədə Rusiya texnikalarını nə günə qoydu. Darmadağın etdi. Hazırda sıradan çıxarılan o texnikaların bir qismi Bakının mərkəsində nümayiş etdirilir.

Yanımızda Türkiyə kimi bir təbii və etibarlı müttəfiq varsa, önümüzdə Rusiyanın olması o qədər də təhlükəli sayılmaz. Üstəlik, hazırda Putin ABŞ-la və onun regiondakı müttəfiqləri ilə müharibə vəziyyətindədir. Bu cür əlverişsiz durumda Putin Azərbaycanı özündən narazı salmaz.

Ürəkli və inamlı olaq. Qorxan gözə çöp düşər. Getdi o dövrlər. İndi yeni mərhələdəyik, yeni gerçəkliklər, yeni ittifaqlar var. Bu yeniliklər Azərbaycanı daha böyük və işıqlı gələcəyə doğru aparır.

Azər Ayxan,
“Yeni Müsavat” qəzetinin baş redaktoru, Əməkdar jurnalist

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*