Yapon Sinoşi və azərbaycanlı Gülgəz – paralel ömür qatarıbackend

Yapon Sinoşi və azərbaycanlı Gülgəz - paralel ömür qatarı

Əli Məhərrəmli

Əgər bircə axşam yapon ailəsinin qonağı olsanız, əsəbdən havalanarsınız.
Evin kişisi Tokaşi saatda 545-lə hərəkət edən sürət qatarından düşüb, yüksəkmərtəbəli binanın 97-ci mərtəbəsindəki evin zəngini basır. Qapını xanımı Sinoşi açır. (Adları da çox elektronik səslənir) Soyuq bir qarşılanma, hər ikisi sintoist ənənəsinə uyğun təzim edir. Ər keçib əynini dəyişir. Masaya əyləşir. Çiy balıq, pörtləmiş düyü, bulanlıq çay.
Sinoşi: “Əzizim bu gün Kikoşinin (qıyıqgöz balaca fağır yapon uşağı) bağçada keçirilən riyaziyyat müsabiqəsinə təqdim etdiyi xətti tənliklər sisteminin matris üsulları mövzusunda məruzəsi yüksək qiymət alıb”.
Atanın tükləri də tərpənmir. Sadəcə gülümsünür. Hərəsinin dizinin üstündə bir notebook yatanacan daha kəlmə də kəsmirlər. Uşaq isə ümumiyyətlə elektronikdir. Çoxdan “off” düyməsini basıb yatızdırıblar. Valideynlərin klassik gecə öpücüyü ilə gün başa çatır.
Amma bizdə…
Metronun “Xalqlar Dostluğu” stansiyasından kənd Binəqədiyə gəlməyə çalışan kişinin telefonuna qatarda zəng gəlir. Basabasda özünü qatara necə soxubsa, pencəyin cibindəki telefon iki metr aralıdakı yekəpər xalanın sinəsinin arasında zəng çalır. Zəng tonu “Bizimkisi bir aşk hikayəsi” özü də vibrasiya ilə. Qardaşın nə əli, nə də duxu çatmır ki, xalanın sinəsindən öz telefonunu götürüb cavab verə. Bu zaman kənardan arıq, dəri gödəkcədə seyrək saqqalı olan, metroya basabas saatlarında fizioloji ehtiyaclarından dolayı minən cavan oğlan ani bir hərəkətlə telefonu götürüb verir sahibinə. Qardaş “Yes” düyməsinə basan kimi, əsəbi və cır bir səs vaqona yayılır:
– Ə harda ölübsən? Gəl çıx da Cümşüd. Bu küçüyün əsəbdən öldürəcək məni! (Bu Sinoşi deyil! Gülgəzdir!) Arvad adı belə olar ey, səslənəndə divardakı şpaklyovka çat verməlidir. Yoxsa elektronikadan adama arvad olmaz qardaş.

Cümşüd də səhərdən subay obrazı yaradıb basabasda qucaqladığı qız eşitməsin deyə telefonu qulağına bərk sıxıb: “Narahat olma gələndə özüm yoluna qoyacağam. Sən hələlik profilaktik tədbirlər gör çatıram” deməklə arvadı yola verməyə çalışar.

– Ə nəyi yoluna qoyacaqsan, nə profilaktika? (Qadın profilaktika sözünü həftənin birinci günləri AzTV-də oxusa da, heç vaxt mənasını bilməyib).
– Gəl gör, bunu məktəbdə nə günə qoyublar? Üzündə-gözündə şenlik yoxdur. Hə! bir də, Firdovsiyə (evin 7 aylıq sonbeşiyinə babasının adını qoyublar) bir razmer yekə “Pampers” al. Beş nömrə qırağından buraxır artıq. Dolma bişirmişəm sarımsağımız qurtarıb, tualet kağızı alarsan, bir də maye komet”. Qardaş fikirləşir ki, nə yaxşı bu dəfə sifarişlər belə tez bitdi?.
– Bu an “Əsas alınası şeyləri də yazıb whatsapa göndərirəm” deyib qadın dəstəyi asar. Evə çatanacan mesaj səsi susmaz. Yadına düşdükcə yazar göndərər, yazar göndərər… Basabasda qucaqlaşdığı qız da, fikirləşir, sən öl nəsə səviyyəli adamdır. Profilaktik tədbirlərdən-zaddan danışır. Görən, arxamca gəlib evimizin yerini filan öyrənəcək, yoxsa bu da dünənki kimi, düşüb gedəcək?!…

Qardaş metrodan çıxıb mindiyi marşrutda da buna bənzər taleyi yaşayaraq 22:18-də leş kimi çatar məhləyə. Dolmanın dibinin yanıq iyi iki küçə aralıdan hiss olunur. Qapını döymür. Çünki darvaza taybatay açıqdır.
– Səməndər (böyük oğludur) hanı, az?… Salamsız, kəlamsız məhəbbət buna deyirlər. O qədər mehribandırlar ki, müraciət “ə” və “az” formasına keçib.
– Nə bilim veyillənir! Bu zaman içəri girən və məktəbdə döyülmüş uşağı Cümşüd də bir partiya döyüb dincəldər. Dibiyanmış dolmanı deyinə-deyinə yeyib, yıxılıb yatarlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*