Yaponiyanın cənubundakı Okinava prefekturasında yerləşən ABŞ-ın Kadena Hərbi Hava Qüvvələri bazasının yaxınlığında partlayış baş verib.
KONKRET.az xəbər verir ki, insident nəticəsində dörd yapon hərbçi xəsarət alıb.
Yerli hakimiyyət orqanlarının və Yaponiyanın Müdafiə Nazirliyinin verdiyi məlumata görə, partlayış İkinci Dünya Müharibəsindən qalan partlamamış sursatların saxlandığı anbarda baş verib. Hadisə zamanı hərbçilər sursatlardan birini təmizləyərək zərərsizləşdirməyə çalışırmış. Onlar pas və çirkləri təmizləyərkən qəfil partlayış baş verib və nəticədə hərbçilər müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Hadisə ilə bağlı əhalinin təxliyəsi elan olunmayıb.
Qeyd edək ki, Kyodo News agentliyi 2023-cü ildə Yaponiyada ümumilikdə 35 ton partlamamış sursatın zərərsizləşdirildiyini bildirir. Onların böyük hissəsi – 19,7 tonu – məhz Okinavada aşkarlanıb və məhv edilib.