Azərbaycanda yas mərasimlərində “pul yazdırmaq” ənənəsi uzun illərdir davam edir. Lakin bu praktikanın dini baxımdan nə dərəcədə doğru olub-olmadığı tez-tez müzakirə mövzusuna çevrilir. Bəs, bu ənənənin ləğv olunması dini baxımdan nə dərəcədə məqbul sayılar?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, İslam dinində yas mərasimində camaata yemək verilməsi kimi bir qayda yoxdur:
“İslamda əsas məqsəd yas sahibinə maddi və mənəvi dəstək olmaqdır. Həzrəti Məhəmməd (s.ə.s) buyurub ki, yas sahibinin evinə yemək və ərzaq aparmaq lazımdır. Ölkəmizdə də əvvəllər belə olub. İnsanlar imkanlarına uyğun şəkildə yas sahibinə dəstək göstəriblər. Lakin dəftərə pul yazdırmaq ənənəsi əsasən Sovet dövründə meydana çıxıb. Bu, dinimizə uyğun deyil. Sanki borc dəftəri aparırlar. Yardım təmənnasız edilməlidir. Əks halda bu, yaxşı ənənə sayılmır”.
İlahiyyatçı qeyd edib ki, əvvəlki dövrlərdə bəzi bölgələrdə yas evinin qapısı önünə qutu qoyular, gələnlər imkanına uyğun pul atardı və heç kim bilməzdi kimin nə qədər verdiyini:
“Əsl müsəlman dəstəyi elə belə olmalıdır. Siyahı tutmaq, nisyə dəftəri aparmaq İslama ziddir. Çünki bu, borc anlayışına çevrilir. Bəzən kasıb bir insan 5 manatı olmadığı üçün yasa gedə bilmir. Bu, düzgün deyil. Yas evinə dəftərsiz, siyahısız, təmənnasız kömək edilməlidir. İstəyən pul, ərzaq, yemək, kim necə bacarırsa o formada yardım edə bilər”.
Tural İrfan ehsan süfrələrində də israfçılığın doğru olmadığını vurğulayıb:
“Təmtəraqlı, dəbdəbəli süfrələrə ehtiyac yoxdur. Çay, kofe, xurma, limon kifayətdir. Halvaya, yağlı xəmir xörəklərinə isə ümumiyyətlə ehtiyac yoxdur. Yas evi qarın doydurma yeri deyil. Əsas məqsəd yas sahibinə dəstək olmaqdır”.
Beləliklə, ilahiyyatçının fikrincə, yas mərasimlərində “pul yazdırmaq” ənənəsi dini dəyərlərə uyğun gəlmir və bu praktikanın ləğvi İslam baxımından daha məqbul sayılır.
Aynurə İsmayıl
KONKRET.az