Yaşlı insanların tənhalığı Yaponiyanın əsas probleminə çevrilib – STATİSTİKAbackend

Yaşlı insanların tənhalığı Yaponiyanın əsas probleminə çevrilib - STATİSTİKA

Yaponiyada tək yaşayan ahılların sayının 9-12 milyon arasında olduğu təxmin edilir.

KONKRET.az xəbər verir ki, dünyanın ən yaşlı cəmiyyətinə sahib olan Yaponiya həm doğumun azalmasına, həm də yaşlı əhalinin tənhalığına çarə axtarır.

Yaponiyada 2022-ci ildə illik doğum sayı ilk dəfə 800 minin altına düşərək 799 min 728 olaraq qeyd edilib. 2023-cü ilin yanvar-iyun aylarında yeni doğulan körpələrin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azalaraq 371 min 52 nəfər olub.

Daxili İşlər və Rabitə Nazirliyinin 2022-ci il məlumatına görə, Yaponiyada 75 və yuxarı yaşda olan əhalinin sayı 19,3 milyon nəfərə, 65 və yuxarı yaşda olanların sayı isə 36,2 milyon nəfərə yüksəlib. Səhiyyə, Əmək və Rifah Nazirliyinin 2021-ci il məlumatına görə, ölkədə 100 yaşdan yuxarı insanların sayı 86 mini keçib. Yaşı yüzdən yuxarı olan əhalinin sayı 51 ildir ki, artır.

Əhali və Sosial Təminat Tədqiqatları İnstitutunun məlumatına görə, 2040-cı ilə qədər Yaponiyada 65 və daha yuxarı yaş kateqoriyasından olan insanların ümumi əhaliyə nisbəti 35 faizi keçəcək.

Yaponiyada ahıl əhalinin tənhalığı ölkə əhalisinin qocalmasından sonra ən ciddi problem sayılır. Qeyri-rəsmi məlumatlara görə, tək yaşayan yaşlıların sayının 9-12 milyon arasında olduğu təxmin edilir. Tək yaşayan yaşlı insanların sayının artması ilə əlaqədar olaraq icma mərkəzli layihələrə ehtiyac da artır.

TETO qeyri-kommersiya təşkilatının dəstəyi ilə 2018-ci ilin oktyabr ayında açılan mərkəzlər ailə və karyera mənşəyindən asılı olmayaraq hər yaşda olan şəxsləri müxtəlif xidmətlərdə iştirak etməyə təşviq edir.

“Hər kəsin evi” olmağa namizəd olan bu mərkəzlərə gələnlər bişirdikləri yeməkləri birlikdə yeyir, mahnı oxuyur, oyunlar oynayır, söhbət edir, əl işləri görürlər. Ümumi təcrübələr üçün “əlaqə nöqtəsi” kimi fəaliyyət göstərən mərkəz, həmçinin, şəhərdəki obyektlər, məktəblər və icmaya dəstək müəssisələri ilə əməkdaşlıq edir.

Hər il 5 minə yaxın insanın qısa və ya uzunmüddətli fəaliyyətləri üçün ziyarət etdiyi mərkəzlər dost axtaran yaşlı və tənha yaponların ikinci evinə çevrilir. Mərkəzlər yerli hakimiyyət subsidiyaları, ianələr və məktəbdənkənar uşaq bağçası xidmətlərindən əldə edilən gəlirlər hesabına maliyyələşdirilir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*